“Zirə” PFK-nın bəyanatı
Özünü menecer kimi təqdim edən bəzi adamlar son vaxtlar klublarımız adından ölkəyə İrandan futbolçu dəvət edərək onları aldadır. Bu cür işbazlar “Zirə” PFK-nın da adından istifadə edərək qonşu ölkədən olan futbolçu və menecerləri aldadıblar. Bununla bağlı məlumat klubumuza daxil olduqdan sonra araşdırma apardıq və məlum oldu ki, İranlı futbolçudan “Zirə” ilə müqavilə qarşılığında pul alan həmin şəxslər saxta sənədlər də hazırlayıblar. Hamıya məlumdur ki, bir müddət öncə “Kəpəz” PFK da eyni halla qarşılaşmışdı. Bu da onu göstərir ki, futbolçu və menecerlərin etibarından sui-istifadə edənlərin sayı az deyil. Belə halların qarşısını almaq üçün hər kəsi daha diqqətli olmağa və transfer məsələlərinə peşəkar səviyyədə yanaşmağa çağırırıq.

Bildirmək istəyirik ki, “Zirə” PFK və digər klubların əlaqə saxlamaq, hər hansı suala aydınlıq gətirmək üçün bəlli hüquqi ünvanı, ofisi, telefon və elektron ünvanı var. İstənilən peşəkar klubdan təklif alan futbolçu, onun meneceri rəsmi şəkildə klublarla əlaqə saxlaya və məsələni peşəkar səviyyədə araşdıra bilər.

Xəbər 794 dəfə oxundu.