UEFA Çempionlar Liqası: Bu gün növbəti iki komanda dörddəbir finala adını yazdıracaq
Bu gün futbol üzrə Çempionlar Liqasının daha iki dörddəbir finalçısı bəlli olacaq.

Səkkizdəbir finalın cavab görüşləri İngiltərə və İspaniyada keçiriləcək.

İlk oyunda Ukraynada Kiyev “Dinamo”sunu 3:1 hesabı ilə məğlub edən İngiltərənin “Mançester Siti” klubu cütün favoriti hesab olunur. Hər iki komanda bu görüşə itkilərlə çıxacaq. Mançester təmsilçisinin heyətində Fabian Delf, Kevin de Broyn və Anxelinyo forma geyinməyəcək. Kiyev klubunun zədəliləri isə Aleksandr Rıbka, Mikola Morozyuk, Junior Moraes, Vladimir Petroviç, Burda Mikita, Sergey Myakuşko və Sergey Rıbalkadır. Matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Paralel oynanılan qarşılaşmada isə Madridin “Atletiko” klubu Hollandiyanın PSV komandasını qəbul edəcək. Hollandiyada keçirilmiş ilk oyunda qolsuz bərabərliyi nəzərə alsaq, bu görüşün favoritini proqnozlaşdırmaq çətinləşir. PSV səfərdə bir qol vurarsa, İspaniya təmsilçisi yalnız qələbə hesabına dörddəbirə adını yazdıra bilər. “Atletiko”nun heyətində zədə üzündən Tyaqu Mendeş və Stefan Saviç meydana çıxmayacaq. PSV isə Qaston Pereyra və Simon Poulsenin xidmətindən yararlana bilməyəcək. Qarşılaşma ingiltərəli hakimlərə həvalə olunub.

Xəbər 634 dəfə oxundu.