Qütbləşmə ləngər dövründə başa çatdı
Milli futbol çempionatında əvvəldən proqnozlaşdırdığımız qarışıqlıq dövrü tam sürəti ilə hakimiyyətini davam etdirir. Gah bu, gah da digər komanda yürüşdə özünü büdrədir. Bu siyahının başında isə "Qəbələ" dayanır. Əlbəttə, əsas söhbət iddialı komandalardan gedir. Artıq mövsümün elə bir dövrüdür ki, ötənilki nəticələr əsas götürülə bilməz. Yeni mövsüm artıq öz hesabını aparır. Çünki klublar fasilə dövründə əyər-əskiklərini özləri qapaya bilərdilər.

Əslində, elə son matçda "Qəbələ"nin oyununa baxanda, baş məşqçinin də iddia etdiyi kimi, məğlub olmamalı idi. Komanda ikinci yer uğrunda amansız mübarizəyə qədəm qoyduğu "Zirə" ilə görüşdə qarşılaşmaya fəal başlayıb, ilk dəqiqələrin hesabı ilə tam qələbəyə layiq idi. Fəqət, matçın davam etdiyi 90 dəqiqə ərzində "Qəbələ"nin oyununu tam qiymətləndirməyə çalışsaq, onun bir neçə parametr üzrə natamamlıq kompleksinə düşdüyünü deyə bilərik. Məşqçinin sözlərinə görə, rəqib qolları yenə səhvlər üzündən vurdu. Amma etiraf edək ki, həmişəki kimi (ən azı qalib gəldiyi son matçlarda olduğu kimi) "Zirə" matçın sonunu yüksələn tərzdə aparır. Onun gücü "Qarabağ"a çatmadı. Amma "Xəzər Lənkəran", "Neftçi" və nəhayət, "Qəbələ"yə çatdı. Diqqət etsəniz, bu komandaların hər biri eyni tərzdə qeyri-sabit oynayır. Hələ bir-biri ilə oyunlarda belə də sürprizlərə qadir olduğunu göstərir. Bütün bunlar həmin natamamlığın - istər tatkiki, istər funskional, istər fiziki, istərsə də strateji planda yetkinlikdən çox uzaq olmağın nəticəsidir. Elə isə nədən "Qəbələ"nin liderlər qrupunda olduğunu soruşmaq olar. Cavab da sadədir: rəqiblərin fərdi gücü və imkanları ilə "Qəbələ"ni tərəzinin eyni gözünə qoymaq olmaz. Bu mövsüm komandanın bu qədər tənqid olunmağının əsas səbəbi isə onun özünü lider kimi aparmamasıdır. Bunun başlıca göstəricisi məşqçi korpusunun minimalizmidir. Çünki oyunçu ehtiyatına görə, "Qəbələ" heç "Qarabağ"dan da geri qalmır, qalanlarını isə xeyli üstələyir.

Əgər bu mövsüm liderlik kürsüsünə iddialı ola biləcək "Zirə"ni də məhz belə münasibətə görə tənqid ediriksə, nədən "Qəbələ"dən bunu tələb etməyək? "Zirə"nin əsas çatışmayan cəhətlərini məhz ikinci yer uğrunda son qarşılaşma əyani göstərdi. Buna qədər etdiyimiz ikinci planda oyunla bağlı məsələlər turdan-tura özünü tam doğruldur. Axı, bu komandanın rəqiblərdən çəkinməsinə heç bir ehtiyac qalmır. Əlbəttə, ilk baxışda, rəqiblərin səhvlərindən daha çox bəhrələnən "Zirə" məhz ikinci plan oyununa görə uğur qazanır. Bu da lider olmaq istəyən üçün mənfi cəhətdir. Amma komandanın çatışmayan daha bir cəhəti Bonilya asılılığının formalaşmasıdır. Bir gün o da rəqib səhvlərini dəyərləndirməsə, vəziyyət kritik həddə çatacaq. Lakin "Qəbələ" ilə görüş də əyani nümayiş etdirdi ki, fiziki hazırlıqda irəliləyişi olan bu kolletkiv qarşısına daha ciddi məqsədlər qoya bilər. Yəqin ki, Avropa klub kubokunda yer alıb-almayacağı bu məsələlərə dərin təsir edəcək. Hər halda, ümid edək ki, gələn mövsüm kollektiv daha fərqli tərzdə və üslubda meydana çıxacaq. Əslində, bunun tədbirləri indidən görülməlidir. Lakin digər klublarımızda olduğu kimi, "Zirə" də hələlik yeni mövsüm üçün tutarlı plan cızmır.

Yarışın ümumi axarına gəlincə, belə iddia etmək olar ki, ikinci yer uğrunda mübarizə artıq səngiyib. Hətta bu gedişlə "Zirə" çempion olmaq üçün də son cəhdini edə bilər. Fəqət hələ tələsməyə ehtiyac yoxdur. Son turlar bir daha əyani nümayiş etdirir ki, klubların gəmi kimi ləngər vurması hələ başa çatmayıb və aprelin ilk günlərində də davam edəcək. Hər şey "İnter"lə "Kəpəz"in vəziyyətindən asılı olacaq. Çünki bu mövsüm AZAL və "Neftçi" ortabab katalizator libasına bürünmək qərarına gəliblər. Əsgər Abdullayev də "Neftçi"nin ipini yığa bilməyəndən sonra, komandanın bu mövsüm üçün planlarını bitmiş saymaq olar. Yalnız kubok, ümidlərin xilas yoludur. Amma ona bu imkanı verən olacaqmı? Axı, "Neftçi"yə münasibət hələ də dəyişməyib. Komanda bütün elita iştirakçılar, üçün əsas rəqib olaraq qalır. Yeri gəlmişkən, ötən həftə çempionatda qütbləşmə başa çatıb və hər komanda öz cəbhəsini tam müəyyənləşdirib. "Neftçi" kubokda qalsa da, əslində, AZAL və həm də "Sumqayıt"la yanaşı, gələn mövsümün hazırlıqlarını başlaya bilər. Çünki bu mövsüm onları nə yüksəliş, nə də eniş gözləyir.
"Rəvan" "Xəzər Lənkəran"ı qabaqlamaq üçün son cəhdlərini etməlidir. Bunun üçün şanslarını şanslarını əsas gücünü məhz aşağı zonada olanlarla tet-a-tet duellərə qorumalıdır. Yəqin ki, ilk beşlik arasında əsas rəqabət prinsiplər uğrunda mübarizə olacaq. Çox məsələyə indidən nöqtə qoymaq olsa da, burada iddia, yaxşı mənada, hikkə sözünü deməlidir. Bu isə əsl idman mübarizəsinin qayəsi, özünəhörmətin təməlidir.

BATI YAR

Xəbər 1062 dəfə oxundu.