Mənəvi sağlamlıq vasitəsi – paralimpiya hərəkatı
“İdman sağlamlığın rəhnidir", "sağlam bədəndə sağlam ruh olar" və bu kimi şüarlar həmişə aktual olub, insanları bədən tərbiyəsi ilə məşğul olmağa səsləyib. Sağlamlığın rəhni olan idmanla məşğul olanlar bunun bəhrəsini həmişə görüblər. Cəmiyyətimizdə elə təbəqə insanlar var ki, ya anadangəlmə, ya da həyatlarının hansısa mərhələsində fiziki zədəyə məruz qalaraq, ömür boyu fiziki qüsurla yaşamalı olurlar. Sağlamlıq nümunəsi olan idman bu cür insanlar üçün böyük önəm kəsb edir, yaşam həvəsinin bərpası, möhkəm iradə mənbəyinə çevrilir.

Azərbaycanda sağlamlığı məhdud olan idmançılara diqqət ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ildə yaradılan Azərbaycan Milli Paralimpiya Komitəsinin əsas məqsədi təkcə paralimpiyaçılarımızın beynəlxalq arenalarda uğurla çıxış edərək himnimizi səsləndirmək, bayrağımızı yüksəltmələrinə nail olmaq deyil. Həmçinin ölkəmizdə fiziki imkanları məhdud olan vətəndaşların bədən tərbiyəsi və idman vasitəsilə sağlam həyat tərzi yaşamalarını, cəmiyyətdə fəal rol oynamalarını təmin etməkdir. Fiziki cəhətdən sağlamlığı məhdud insanlar ötən əsrin ortalarından idmanla daha mütəşəkkil şəkildə məşğul olmağa başlayıblar. Bu ideya Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qutmana məxsus olub. Məhz onun təşəbbüsü ilə 1948-ci ildə, London Oyunlarının açılış mərasimi zamanı əlil arabasında idmançılar arasında Böyük Britaniyanın birinci milli yarışları keçirilib.

1960-cı ildə Romada keçirilən 1-ci Yay Paralimpiya Oyunları əlil idmançıların ilk dünya miqyaslı yarışı olub. Yarışda 23 ölkənin 400 idmançısı iştirak edib.

1988-ci il Seul Yay və 1992-ci il Albervil Qış oyunlarından başlayaraq paralimpiya, olimpiya oyunları ilə eyni yerdə və eyni ildə keçirilməyə başlanıb.

Bu ilin fevral ayında Azərbaycanda Paralimpiya Hərəkatının 20 yaşı tamam oldu. Qeyd edək ki, ilk dəfə yarandığı il, 1996-cı ildə Azərbaycan Milli Paralimpiya Komitəsi Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idmançı ilə iştirak edib.
2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin əlil idmançılarımızla görüşməsi, həmin ərəfədə umummilli lider Heydər Əliyevin paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində beynəlxalq standartlara cavab verən Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında sərəncam imzalaması bu sahədə böyük dəyişikliklər və qələbələrə təkan verib. Həmin dövrdən ölkəmizdə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoyub.

Sağlamlığı məhdud olan idmançılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətini hiss ediblər. Müntəzəm qələbə qazanmış idmançılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Onların maddi rifahı yaxşılaşdırılır, mənzillər, minik avtomobilləri ilə təmin olunurlar. Paralimpiyaçılarımız arasında seçilən ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev hazırda Azərbaycanın fəxrinə çevrilib.

Bu gün paralimpiya hərəkatı miqyası və uğurlarına görə Azərbaycan təkcə regionda deyil, dünyada seçilənlər sırasındadır.

Badam Bədəlova
Azərbaycan Milli Olimpiya Komitəsinin əməkdaşı

Xəbər 7456 dəfə oxundu.