Velosiped idmanı üzrə açıq birinciliyin qalibləri müəyyənləşib
Azərbaycan Velosiped İdmanı Federasiyası, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunun ətrafındakı yollarda adı çəkilən məktəbin açıq birinciliyi keçirilib.

Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərdən, ümumilikdə 80 velosipedçi mübarizə aparıb.

Reqlamentə əsasən, 12 kilometr məsafəyə yarışan qızların mübarizəsində ilk 2 yeri 8 nömrəli Olimpiya Məktəbinin təmsilçiləri Validə Cabbarova və Elfanə Camalova tutub. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin üzvü Viktoriya Buxenskaya isə üçüncü olub.

Yaşı 15-dək olan oğlanlar 18 kilometr məsafəyə yürüşdə mübarizə aparıblar. Bu yaş kateqoriyasında ilk iki yerə 8 nömrəli məktəbin velosipedçiləri Əhməd Əhmədov və Elmir Əliyev layiq görülüblər. Sumqayıt Velosiped İdmanı Klubundan Fərid Bəylərov ilk üçlüyü tamamlayıb.

U-17 və gənclər kateqoriyasında çıxış edən velosipedçilər isə 60 kilometr məsafə qət ediblər. Xüsusi gərginliyi ilə yadda qalan 17 yaşlıların yürüşündə birinci yerə 8 nömrəli məktəbdən Xankişi İsgəndərov layiq görülüb. Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin üzvü İvan Orlov ikinci, “Atasport” klubunun nümayəndəsi Bəylər Ağayev isə üçüncü yerə sahib olub.

Gənclər arasında 8 nömrəli Olimpiya Məktəbindən Nicat Oruczadə finiş xəttini hamıdan öndə keçib. Onun komanda yoldaşı Maksim Naperstkov ikinci, Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Rövşən İsmayılov isə üçüncü yeri tutub.

Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Xəbər 717 dəfə oxundu.