Azərbaycan güləşçisi Nataliya Sinişin Avropa çempionatının qızıl medalını qazanıb
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Yığmamızın üzvləri üç yarış günündə bir qızıl, iki gümüş və iki bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıblar.

Çempionatın dördüncü günündə 58 və 69 kiloqram çəkidə qadın, 70 və 125 kiloqram çəki dərəcəsində isə sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü bir qızıl medalla tamamlayıblar.

Qadın güləşi üzrə yarışlarda mübarizə aparan ilk Avropa Oyunlarının bürünc mükafatçısı Nataliya Sinişin (58 kq) keçirdiyi görüşləri qələbə ilə tamamlayaraq finala yüksəlib. Ardıcıl olaraq Belarusdan Veranika İvanova, ukraynalı Ganna Vasilenkov və İsveç təmsilçisi Elin Johanna Nilssonu mübarizədən kənarlaşdıran təmsilçimizin finaldakı rəqibi Norveç idmançısı Grace Jacob Bullen olub. Final görüşünü də qələbə ilə başa vuran Nataliya Sinişin Avropa çempionatının qızıl medalına sahib olub.

Xəbər 644 dəfə oxundu.