“İstrian Spring Trophy” veloyürüşünün ilk günü “Synergy Baku” üçün uğurlu olub
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Xorvatiyada keçirilən “İstrian Spring Trophy” veloyürüşündə mübarizəyə başlayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının 1-ci mərhələsi komandamız üçün uğurlu alınıb. Yürüşdə 158 kilometrdən ibarət bu bölümdə komandamızın üzvü Matey Müqerli finiş xəttini mərhələ qalibindən 3 saniyə gec keçməklə 2-ci olub. Bu, velosipedçimizə həm ümumi təsnifatda, həm də sprinterlərin mübarizəsində 2-ci sırada qərarlaşmağa imkan verib. Komanda hesabında “Synergy Baku” 33 iştirakçı kollektiv arasında liderə 4 saniyə uduzmaqla 3-cü yerdədir.

Martın 12-də keçiriləcək 2-ci mərhələdə iştirakçılar 157 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, “Synergy Baku” bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunur.

Xəbər 804 dəfə oxundu.