Bakıda keçiriləcək U-17 Avropa çempionatının püşkatma mərasimi aprelin 8-də təşkil olunacaq
AFFA İcraiyyə Komitəsinin iclasında qurumun nəzdində Media Komitəsinin təsis edilməsi haqqında qərar qəbul olundu. Bu addım ölkədə idmanın, əsasən də futbolun inkişafına töhfə verəcək. Jurnalistlərin yer aldığı komitə müxtəlif layihələr həyata keçirəcək və onlara müəyyən məbləğdə qrantlar ayrılacaq.

Bu sözləri martın 11-də Bakıda təşkil olunan mətbuat konfransında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

AFFA-nın Əsasnaməsində də dəyişikliklərin edildiyini diqqətə çatdıran R,Abdullayev deyib: “İclasda futbolun inkişafı istiqamətində fikir mübadiləsi aparıldı. Rauf Əliyev və Elşad Nəsirov yenidən vitse-prezident, Elxan Məmmədov isə baş katib vəzifəsinə seçildi. Bölgələrdə futbolun inkişafı hər zaman diqqət mərkəzindədir. Bu istiqamətdə məktəblərdə maarifləndirici dərslər, müxtəlif regional yarışlar, məşqçilər üçün kurslar təşkil olunur. Ancaq bölgələri təmsil edən klubların azlığı sponsorlarla bağlıdır. Əksər klubların paytaxtı təmsil etməsi irimiqyaslı şirkətlərin Bakıda yerləşməsi ilə əlaqədardır. Sevindirici haldır ki, artıq bölgələrdə də şirkətlər fəaliyyətə başlayır. Ümid edirəm ki, bu, özünü klubların inkişafında da göstərəcək”.

Futbolun siyasətdən uzaq olduğunu bildirən R.Abdullayev deyib: “Mayda ölkəmiz növbəti irimiqyaslı turnirə ev sahibliyi edəcək. Mayın 5-dən 21-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatı təşkil olunacaq. Çempionata hazırlıq işləri yüksək səviyyədə davam edir. Dövlətimizin başçısı İlham Əliyev turnirin təşkili üçün iki Sərəncam imzalayıb. Ümid edirəm ki, əvvəlki turnirlərdə olduğu kimi, U-17 Avropa çempionatından da iştirakçılar xoş xatirələrlə ayrılacaqlar”.

U-17 Avropa çempionatının püşkatma mərasiminin aprelin 8-də Bakı Olimpiya Stadionunda keçiriləcəyini diqqətə çatdıran R.Abdullayev deyib ki, komandamız bu mühüm yarışa ciddi hazırlaşır. Artıq yığmamız bir neçə yoxlama oyununda da qüvvəsini sınayıb. Turnirin açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Püşkatma mərasimində rəqiblərimiz müəyyənləşdikdən sonra onların oyunlarını təhlil edəcəyik. Açılış oyununda millimizin bizi sevindirəcəyinə əminəm.

Xəbər 295 dəfə oxundu.