Cəbrayıl Həsənov gümüş, Hacı Əliyev bürünc medal qazanıb
Azərbaycan güləşçisi Hacı Əliyev Ermənistan təmsilçisi Volodya Franqulyan üzərində qələbə qazanaraq Latviyanın paytaxtında keçirilən Avropa çempionatının bürünc medalçısı olub.

Qarşılaşmada rəqibinə bir xal belə vermədən üstün olan güləşçimiz 7:0 hesabı ilə qalib gəlib.

Çempionatda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu Hacı Əliyev rəqiblərinə bir xal belə vermədən əvvəlcə litvalı Sarinas Yurcisi, sonra isə bolqarıstanlı Vladimir Dubovu mübarizədən kənarlaşdırıb. Yarımfinalda London Olimpiadasının gümüş medalçısı gürcü Vladimir Xinçeqaşvili ilə gərgin görüşdə rəqib üstün olub. Hacı Əliyev bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Volodya Franqulyan ilə qarşılaşıb və parlaq qələbə qazanıb.

Turnirdə 74 kiloqram çəki dərəcəsində yarışan ikiqat Avropa çempionu Cəbrayıl Həsənov ilk görüşündə gürcüstanlı Yakob Maxaraşvilini təmiz qələbə ilə məğlub edib. Növbəti görüşdə gürcü əsilli Ukrayna təmsilçisi Giya Çixladzedən də üstün olan güləşçimiz yarımfinalda Bolqarıstan təmsilçisi Miroslav Kirovla qarşılaşıb. Rəqibinə heç bir şans verməyən Cəbrayıl adını finala yazdırıb. Finalda güləşçimiz Türkiyə təmsilçisi Soner Demirtaşa minimal hesabla məğlub olaraq gümüş medala yiyələnib.

Azərbaycan yığmasının üzvləri yarışın ilk iki günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıblar. Çempionatın üçüncü günündə daha 3 güləşçi xalça üzərinə çıxıb.

Xəbər 862 dəfə oxundu.