Azərbaycan güləşçisi Cəbrayıl Həsənov Avropa çempionatının finalına yüksəlib
Azərbaycan güləşçisi Cəbrayıl Həsənov Riqada keçirilən Avropa çempionatının finalına çıxıb.

74 kiloqram çəki dərəcəsində yarışan ikiqat Avropa çempionu Cəbrayıl Həsənov ilk görüşündə gürcüstanlı Jakob Maxaraşvilini təmiz qələbə ilə məğlub edib. Növbəti görüşdə Ukrayna təmsilçisi Giya Çixladzedən də üstün olan güləşçimiz yarımfinalda Bolqarıstan təmsilçisi Miroslav Kirovla qarşılaşıb. Rəqibinə heç bir şans verməyən Cəbrayıl adını finala yazdırıb. Finalda güləşçimizin rəqibi Türkiyə təmsilçisi Soner Demirtaş olacaq.

İkiqat dünya çempionu Hacı Əliyev (61 kq) rəqiblərinə bir xal belə vermədən əvvəlcə Litvadan Sarinas Jurcisi, ardınca Bolqarıstandan Vladimir Dubovu mübarizədən kənarlaşdırıb. Yarımfinalda London Olimpiadasının gümüş medalçısı gürcü Vladimir Xinçeqaşvili ilə gərgin keçən görüşdə rəqib üstün olub. Hacı Əliyev Ermənistan təmsilçisi Valodya Franqulyanla bürünc medal uğrunda həlledici görüşə çıxacaq.

Azərbaycan yığmasının üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç isə bürünc medal qazanıb.

Xəbər 750 dəfə oxundu.