UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsi başlayır
Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə start veriləcək.

Bu mərhələnin bütün görüşləri eyni gündə oynanılacaq. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” öz meydanında Portuqaliyanın “Braqa” komandasını qəbul edəcək. Azərbaycanlı futbolsevərlərin də yaxından azarkeşlik etdiyi İstanbul təmsilçisi cütlüyün favoriti sayılır.

Günün mərkəzi matçı Dortmundda Almaniyanın “Borussiya” klubu ilə İngiltərənin “Tottenhem” komandası arasında keçiriləcək. Hazırda yaxşı formada olan hər iki komanda yerli çempionatlarda mükafatların əsas iddiaçıları olmaqla yanaşı, avrokuboklarda da titula iddialıdırlar.

Maraqla izləniləcək İngiltərə dueli Liverpulda baş tutacaq. Eyniadlı komanda “Mançester Yunayted”i qonaq edəcək. İspaniya derbisi də maraq dairəsinə görə, digər qarşılaşmalardan geri qalmır. “Atletik” doğma meydanda “Valensiya” ilə üz-üzə gələcək.

Digər oyunlarda “Şaxtyor” (Ukrayna)–“Anderlext” (Belçika), “Bazel” (İsveçrə)–“Sevilya” (İspaniya), “Vilyarreal” (İspaniya)–“Bayer” (Almaniya), “Sparta” (Çexiya)–“Latsio” (İtaliya) ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunların dördü Bakı vaxtı ilə saat 22:00-da, qalanı isə saat 00:05-də başlayacaq.

Qeyd edək ki, cavab görüşləri martın 17-də oynanılacaq.

Xəbər 686 dəfə oxundu.