Jurnalistlər stolüstü tennis yarışında
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman” qəzetinin Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə kütləvi informasiya vasitələri və incəsənət ustaları arasında təşkil etdiyi stolüstü tennis yarışı keçirilib.

Martın 4-də «Şüa» İdman-sağlamlıq Kompleksində keçirilən yarışda 30 tennis həvəskarı qadın və kişi proqramları üzrə qüvvəsini sınayıb.

Turnirin açıq elan edən «İdman» qəzetinin baş redaktoru Qabil Mehdiyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin tarixi, ölkədə bədən tərbiyəsi və idmana ayrılan dövlət qayğısından bəhs edərək, artıq ənənə halını almış bu turnirin idmanı təbliğ edənlərin əməyinə verilən qiymətin bir nümunəsi olduğunu qeyd etdi.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxışında qeyd etdi ki, başlanğıcını ümummilli lider Heydər Əliyevin bədən tərbiyəsi və idmana qayğı və diqqətinin təzahürü olan bir tarixdən götürən bu əlamətdar gün hər il ölkəmizdə geniş qeyd olunur. İldən-ilə uğurlarını möhkəmləndirən idman ictimaiyyətinin bu günü böyük ruh yüksəkliyi ilə qarşılamağa haqqı olduğunu qeyd edən nazir müavini artıq Azərbaycanın adının böyük idman ölkələri ilə eyni cərgədə çəkilməsinin təsadüf qanunauyğunluq olduğunu və ötən il ölkəmizdə təşkil edilən ilk Avropa Oyunlarının da bunu bir daha təsdiq etdiyini qeyd etdi. O, əminliyini bildirdi ki, Şahmat Olimpiadası, «Formula-1» Avropa qran-prisi, İslam Həmrəylik Oyunları bir təşkilatçı, qarşıdan gələn Rio de Janeyro Yay Olimpiya Oyunları isə yarış meydanlarında ölkə idmanının növbəti təntənəsinə çevriləcək.

Azərbaycan Stolüstü Tennis Federeasiyasının vitse-prezidenti Fazil Məmmədov qeyd etdi ki, artıq stolüstü tennisçilərimizin beynəlxalq uğurları artır. Ötən il müxtəlif mötəbər yarışlarda qazanılan medallar ənənəsi bu il davam etdirilir. Bu yaxınlarda Fransada yeniyetmə oğlanlardan ibarət komandamızın gümüş medala sahib çıxıb və bu uğurlar növün ölkəmizdə inkışafına xüsusi töhfələr, təkanverici qüvvədir. O, vurğuladı ki, idman, o cümlədən stolüstü tennisdə əldə olunan uğurların işıqlandırılmasında, növlərin təbliğində xüsusi rolu olan kütləvi idman vasitələri arasında bu ənənəvi yarışın təşkilinə məmnuniyyətlə qoşulan federasiya media nümayəndələrinə təşəkkürünü bildirir və onlara həm bu yarışda, həm də çətin peşələrində uğurlar arzulayır.

Turnirin sponsorlarından biri Bon Appetit şirkətinin 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hazırladığı xüsusi tort kəsildikdən sonra nazir müavini İsmayıl İsmayılov və federasiyanın vitse-prezidenti Fazil Məmmədov yarış iştirakçıları ilə rəmzi oyun keçirdilər.

Turnirin baş hakimi Fərhad İsmayılov mübarizəyə start verdikdən sonra idmançılar əvvəlcə qrup turnirində yarışdılar. Hər qrupda ilk üç yeri tutan iştirakçılar pley-off mərhələsində qüvvələrini sınamaq hüququ əldə etdilər.

Yarışın yekunlarına əsasən, qadınlar arasında Gülzar İbrahimova («Sehirli dünya») birinci, Kəmalə Yusifova («Oyuncaq») ikinci və Nigar Paşayeva («Offisa dizayn») üçüncü yerə çıxdılar. Kişilər arasında Rəşad Qəmərşahoğlu («Sportsman»), Bəhruz Səmədov («idman.com.az») və Əli Məcid («Zaman» qəzeti), müvafiq olaraq, ilk üç yerin sahibi oldular.

Qalib və mükafatçılara, həmçinin xüsusi fəallığa görə müxtəlif nominasiyalar üzrə fərqlənənlərə Gənclər və İdman Nazirliyinin müvafiq diplomları, «İdman» qəzeti və sponsorların xüsusi mükafatları, hədiyyələri təqdim edildi.

Turnirin baş sponsoru «Ofissa Dizayn» şirkətinin Əməliyyatlar bölməsinin müdiri Azər Xudiyev yarışın qalibi Rəşad Qəmərşahoğluna və yükəsk təşkilatçılığa görə «İdman» qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyevə şirkətin mükafatlarını təqdim etdi.

Ümumiyyətlə, turnirin təşkilində sponsorların da xüsusi rolu oldu. Belə ki, «Ofissa Dizayn», «Bon Apetit», «Payım», «FİTNES» kolbasaları, «Slavyanka», «Azərçay», «Qızıl quyu», «Vita 1000», «Fuse tea», «Jaguar» şirkətləri yarış iştirakçılarını öz məhsulları ilə təmin etdilər.

Xəbər 741 dəfə oxundu.