İki Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal uğrunda yarışacaq
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Azərbaycan güləşçiləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub.

Çempionatın ikinci günündə daha 4 pəhləvanımız xalça üzərinə çıxıb.

Çempionatda 60 kiloqram çəki dərəcəsində qadınların yarışında mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə bolqarıstanlı Canan Manolovanı üstələyib. Yarımfinalda Ukrayna təmsilçisi Oksana Herhellə gərgin keçən görüş bərabərə bitsə də, xalların keyfiyyətinə görə rəqib üstün olub. Yuliya Ratkeviç Norveçdən Şarlotta Skauenlə bürünc medal uğrunda görüşə çıxacaq.

Sərbəst güləşçilərin yarışında 65 kiloqram çəki dərəcəsində Ağahüseyn Mustafayev yarışır. Mübarizəyə 1/16 final mərhələsindən başlayan güləşçimiz ardıcıl olaraq Slovakiyadan Mikola Bolotnyuk, Estoniyadan Almar Andruseni tam üstünlüklə məğlub edib. Dörddəbir finalda Fransa təmsilçisi Yuriy Syemakindən də üstün olan A.Mustafayev yarımfinalda İtaliya təmsilçisi, son dünya çempionu Frank Çamizo ilə qarşılaşıb. Bu görüş isə rəqibin üstünlüyü ilə tamamlanıb. A.Mustafayev Ukrayna təmsilçisi Semen Radulovla bürünc medal uğrunda görüşə çıxacaq.

Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) isə zədə səbəbindən mübarizəyə qoşula bilməyib.

Xəbər 673 dəfə oxundu.