Boksçularımız “Strandja” turnirində
Azərbaycan boksçuları fevralın 22-də ilin ikinci yarışında iştirak edəcəklər. İdman.com.az saytının məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq ənənəvi “Strandja” turnirində hər 2 milli komandamız mübarizə aparacaq. “Unversiada” İdman Sarayında təşkil olunacaq sınaqda ustalar arasında cəmi 5 boksçumuz çıxış edəcək. 52 kq çəki dərəcəsində Bolqarıstanda ölkəmizi son Azərbaycan çempionu Tural Əhmədov təmsil edəcək.

O, ölkə çempionatında 49 kq-da bütün rəqiblərini üstələmişdi. Yığmanın heyətində 2 təcrübəli boksçu da var. Bunlar Azərbaycan çempionatında 2-ci yeri tutmuş Rəhim Nəcəfov (56 kq) və Emil Məhərrəmovdur (69 kq). Elvin İsayev (60 kq) uzun müddətli zədədən sonra ilk dəfə Bolqarıstanda rinqə çıxacaq. Heyətdəki digər boksçu superağır çəkidə döyüşəcək Zamiq Atakişiyevdir.

“Strandja” turnirində qadınlar yalnız olimpiya çəkilərində (51,60 və 75 kq) yarışacaqlar. Milli komandamızın heyətinə Neft Ölkələrinin Dünya Kubokunda gümüş medal qazanmış Yelena Vıstropova (75 kq), Ayzinat Hacıyeva (60 kq) və Anna Əlimərdanova (51 kq) daxil ediliblər. Fevralın 25-də başa çatacaq yarışda Kuba, Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, Çin, Özbəkistan kimi boksda böyük ənənələri olan ölkələrin nümayəndələri də iştirak edəcəklər. İlkin məlumata görə, “Strandja” turnirində ümumilikdə 163 idmançı (127-i oğlan, 36-sı isə qadınlar) gücünü sınayacaq.

Xəbər 980 dəfə oxundu.