Cüneyd Biçər: «Neftçi»dən çəkinməyə dəyər
«Fəaliyyətimizin əvvəlini yaxşı qiymətləndirmək olar. Biz keçirdiyimiz oyunlarda 7 qol vurub sadəcə, 2-sini buraxmışıq. 2 matçda qalib gəldiyimiz halda, yalnız 1-də heç-heçə etmişik. Əsas məsələ işin sonunu gətirməkdir. Amma yaxşı başlanğıc, həm də işin yarısı deməkdir».

İdman.com.az saytının məlumatına görə, bu sözü futbol11.az-a açıqlamasında «Xəzər Lənkəran» klubunun baş məşqçisi Cüneyd Biçər deyib. Türkiyəli mütəxəssis, ölkə çempionatında prinsipal rəqibi «Neftçi» ilə matça toxunub. O deyib ki, baş məşqçi kimi «şah oyun»un iştirakçısı olmasa da, Lənkəranda çalışan bir mütəxəssis kimi ab-havanı hiss edib:

«Bu komandalar arasında uzun müddətli rəqabət var. Bu qədər tarixi olan derbiyə necə adi yanaşa bilərəm. Əlbəttə, bütün oyunlar bizim üçün önəmlidir. Yəni, təkcə «Neftçi» matçı barədə düşünüb, digərlərini bir kənara da qoymaq olmaz».

Qeyd edək ki, «Xəzər Lənkəran» klubu, bu adı ilə ən böyük məğlubiyyəti, məhz əzəli rəqibindən alıb. Unibank Premyer Liqasının 2-ci dövrəsində ölkə futbolunun flaqmanı doğma divarlar arasında «ağ-yaşıllar»ın qapısından 5 cavabsız top keçirib.

Xəbər 1009 dəfə oxundu.