Bu gün UEFA Çempionlar Liqasında ilk dörddəbir finalçılarının adı bəlli olacaq
Bu gün Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start veriləcək.

İlk oyun günündə “Real Madrid” Santyaqo Bernabeuda İtaliyanın “Roma” komandasını qəbul edəcək.

İtaliyada iki cavabsız qolla qalib gələn “Real”ın öz meydanında təşəbbüsü “Roma”ya verəcəyi inandırıcı görünmür. Madriddə aparıcı futbolçuların xidmətlərindən istifadə edə bilməyəcək romalıların turu keçməsi sensasiya doğurar. “Kral” klubunda isə heyət baxımından vəziyyət nisbətən yaxşıdır. Uzun müddətdir zədəli olan Qaret Beyl, Pepe və Marselo artıq bu oyunda komandasına kömək edə biləcək. Toni Kroos və Luka Modriçin iştirakının sual altında olacağı matçda Benzemanın forma geyinməyəcəyi dəqiqdir.

Paralel oynanılan matçda Almaniyanın “Volfsburq” klubu turnirin debütantı Belçikanın “Gent” komandası ilə üz-üzə gələcək. İlk görüşdə 3:2 hesabı ilə üstünlüyə malik olan almanlar rəqibi qarşısına itkilərlə çıxacaq. Naldo, Pol Sequin, Sebastyan Yunq və Bas Dost kimi oyunçular cavab oyununa çıxa bilməyəcəklər. Niklas Bendtner və Dieqo Benalyonun iştirakı da sual altındadır. İstənilən halda, Bundesliqa təmsilçisinin səfərdə qazandığı üstünlüyü əldən verməsi inandırıcı görünmür.

Xəbər 638 dəfə oxundu.