Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkili üçün ciddi hazırlıq işləri görülür
Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda yüksək səviyyədə təşkili üçün ciddi hazırlıq işləri görülür.

Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov mötəbər yarışa hazırlıq işləri ilə bağlı açıqlamasında deyib.

Nazir bildirib: “Təşkilat Komitəsinin üzvləri bu yarışın keçiriləcəyi “Baku Crystal Hall”da hazırlıq işlərinin gedişi ilə tanış olublar. Bakı Şahmat Olimpiadası bu möhtəşəm arenada yüksək səviyyədə keçiriləcək. Tanışlıq zamanı Olimpiada vaxtı yarış zalının tərtibatı ilə yanaşı, təhlükəsizlik məsələləri, həmçinin tibb otağı, media mərkəzinin fəaliyyət göstərəcəyi məkanlar və s. barədə də müzakirələr aparıldı. Hazırda təşkilati işlər plan üzrə davam edir. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi hər cür şərait yaradılacaq”.

Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə görülən işlər barədə məlumat verərkən deyib: “Mötəbər yarışın keçiriləcəyi “Baku Crystall Hall” ilə yaxından tanış olduq. Yarış məkanı təkcə partiyaların oynanılacağı zaldan ibarət deyil. Buraya həm də rəsmi şəxslərin olacağı məkan, tibb otağı, media mərkəzi, tamaşaçıların oyunları izləyəcəyi yer və s. daxildir. Baş nazirin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov bütün bu məsələlərlə bağlı tövsiyə və təkliflərini verdi. Olimpiadanın Əməliyyat Komitəsi tərəfindən bu günədək nəzərdə tutulan işlər tamamilə yerinə yetirilib.

Demək olar ki, biz həlledici və sonuncu mərhələyə hazırıq. Olimpiadada 2200-dən artıq şahmatçı mübarizə aparacaq. Ümumilikdə 42-ci Bakı Şahmat Olimpiadasına gələcək iştirakçıların, rəsmilərin, qonaqların sayı üç mindən artıq olacaq. Olimpiadada hazırda 176 ölkənin təmsil olunması gözlənilir. Şahmat Olimpiadası dünya idman təqvimində ən yüksək təmsilçiliyi olan yarışlardan sayılır”.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-də start götürəcək, 14-də isə başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Baku Crystal Hall”da keçiriləcək. Olimpiadanın keçirildiyi günlərdə paytaxtımızda həm də Beynəlxalq Şahmat Olimpiadası – FİDE konqresinin növbəti iclası olacaq.

Xəbər 691 dəfə oxundu.