Bakı bu dəfə karateçilərin məkanına çevrildi

Paytaxtımızda 39-cu Avropa çempionatı təşkil edilib
Fevralın 10-da Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr və gənclər arasında karate üzrə 39-cu Avropa çempionatının açılış mərasimi keçirilib.

Yarışda Türkiyə, Belçika, Danimarka, Böyük Britaniya, Gürcüstan, Fransa və digər ölkələri təmsil edən 40 ölkədən 700-dən çox idmançı mübarizə aparacaq. Çempionatda ölkəmizi 26 idmançı təmsil edəcək.

Turnirin açılış mərasimində Azərbaycanın dövlət himni səslənib, iştirakçı komandaların paradı olub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın sürətli inkişaf dövrü yaşadığını və bunun Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin bədən tərbiyəsi və idmana diqqət və qayğısı sayəsində mümkün olduğunu bildirib. Nazir deyib ki, bu gün Azərbaycanda bütün idman növləri inkişaf etdirilir. Sevindirici haldır ki, bu sırada karate də öncül yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi ölkəmiz bir daha belə mötəbər turnirə ev sahibliyi edir. Çıxışının sonunda A.Rəhimov yarış iştirakçılarına uğurlar arzulayıb və qələbə sevinci yaşamağı diləyib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib ki, ölkəmizdə mötəbər yarışların keçirilməsi və idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışları Azərbaycanın bir idman ölkəsinə çevrilməsindən xəbər verir. Federasiyanın rəhbəri deyib ki, ölkəmizdə idmanın inkişafı ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Avropa Karate Federasiyasının baş katibi Corc Yerolimpos Azərbaycan karateçilərinin beynəlxalq arenada qazandıqları uğurlardan danışıb, ölkəmizin mötəbər beynəxalq yarışlara ev sahibliyindən məmnunluğunu ifadə edib. Bildirib ki, üç gün davam edəcək çempionat yüksək səviyyədə təşkil olunacaq. Bu da karatenin WKF versiyasının Olimpiya Oyunlarının proqramına salınması üçün bir təkan olacaq. Hazırda məhz bu istiqamətdə işlər görüldüyünü söyləyən C.Yerolimpos 2013-cü ildə məqsədə nail olacağına ümidini bildirib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Tədbir konsert proqramı ilə davam edib.

AzərTAc

Xəbər 1921 dəfə oxundu.