Məşhur “Formula-1” pilotu Fernando Alonso Bakıda azarkeşləri ilə onlayn söhbət edəcək
“Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçisi elan olunan Fernando Alonso Bakıya ilk səfəri çərçivəsində çoxsaylı azarkeşləri ilə onlayn söhbət edəcək.

Martın 9-da saat 14:30-da başlayacaq onlayn sual-cavab sessiyası “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi saytında (https://www.bakucitycircuit.com/az/canli) birbaşa yayımlanacaq.

Əməliyyat Şirkəti Fernando Alonsonun bütün ölkələrdən olan azarkeşlərinə müraciət edərək bildirir ki, “McLaren-Honda”nın pilotuna ünvanlanacaq suallarını #AskAlonso həştəqindən istifadə etməklə BŞH-nin “Facebook”, “Twitter” və ya “Instagram” səhifələrinə öncədən göndərsinlər. Ən maraqlı suallar seçilərək ispaniyalı pilota ünvanlanacaq.

Bu təşəbbüslə bağlı Fernando Alonso deyib: “Bütün azarkeşlərimlə onlayn ünsiyyət qurmağı və onların suallarını Bakıda canlı olaraq cavablandırmağı səbirsizliklə gözləyirəm. Bu, illər boyu mənə azarkeşlik edən insanlarla birbaşa ünsiyyət qurmaq və “Formula-1” yarış mövsümündən əvvəl əlavə müsbət enerji almaq üçün böyük fürsətdir. Odur ki, mənə suallarınızı göndərin. Gələn həftə Bakıda olarkən suallarınızı cavablandırmaq üçün sizinlə ünsiyyət qurmağa hazır olacağam”.

Xəbər 636 dəfə oxundu.