Dünya şahmat tacı uğrunda matç noyabr ayında Nyu-Yorkda keçiriləcək
Şahmat üzrə dünya çempionu adı uğrunda matç 2016-cı ilin noyabrında Nyu-Yorkda keçiriləcək.

Matçda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen və adı qarşıdan gələn bir neçə həftə ərzində Moskvada müəyyən olunacaq iddiaçılar turnirinin qalibi iştirak edəcəklər.

On iki partiyadan ibarət matç noyabrın 11-dən 30-dək keçiriləcək. Nyu-Yorkda matçın keçiriləcəyi məkan açıqlanmayıb. Turnirin mükafat fondu bir milyon dollardan çoxdur. Matçın ümumi auditoriyası, o cümlədən onlayn və TV-yayımların ümumi auditoriyası 1 milyard nəfərdən çox ola bilər.

Çempion adı uğrunda sonuncu matç 2014-cü ildə Soçidə keçirilib və auditoriyasının sayına görə rekord müəyyən edib: 1,2 milyarddan çox izləyici. Onda M.Karlsen sabiq dünya çempionu Vişvanatan Anand ilə mübarizədə öz çempion adını qoruyub saxlaya bilmişdi.

İddiaçıların martın 11-28-də Moskvada keçiriləcək turnirində Fabiano Karuana, Hikaru Nakamura (ABŞ), Sergey Karyakin və Pyotr Svidler (Rusiya), Vişvanatan Anand (Hindistan), Veselin Topalov (Bolqarıstan) və başqaları iştirak edəcəklər.

Şahmatçılar iki dövrədə oynayacaqlar. Vaxta nəzarət 40 gediş üçün 2 saat, sonra 20 gediş üçün bir saat və 61-ci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə edilməklə, partiyanın sonunadək 15 dəqiqə müəyyən olunub.

Turnirin mükafat fondu 420 min avrodur.

Xəbər 758 dəfə oxundu.