“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb
“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” şirkəti cari ilin iyununda keçiriləcək bu mötəbər idman hadisəsi ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin keçiriləcəyi mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Mövcud olan daş örtüyünün üzərinə qoruyucu və müvəqqəti asfalt qatının salınması ilə əlaqədar olaraq martın 3-4-də Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Qoşa qala qapıları isə həmin günlərdə avtomobillərin hərəkəti üçün açıq olacaq.

Martın 5-də Əziz Əliyev küçəsi də daxil olmaqla bu küçədən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinədək olan hissədə nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Həmin gün Qoşa qala qapıları da avtomobillərin hərəkəti üçün bağlı olacaq. Hər iki küçə martın 6-sı səhər saatlarından etibarən avtomobillərin hərəkətinə açıq olacaq.

Yarışdan əvvəl salınacaq və “Formula-1” standartına cavab verəcək yollar daimidir, Qran-pridən sonra paytaxt sürücülərinin istifadəsində olacaq.

Xəbər 650 dəfə oxundu.