Azərbaycanda şahmatın inkişafı ilə bağlı Dövlət Proqramının yekunları müzakirə olunur
Martın 2-də Nizami Kino Mərkəzində “2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramının yekunları ilə bağlı tədbir təşkil olunub.

Tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizdə şahmatın inkişafına dair videoçarx nümayiş olunub.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cü il 5 may tarixli Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının uğurla reallaşdırıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu Sərəncamın Bakıda keçirilən və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan möhtəşəm Azərbaycan-FİDE dünya matçı ərəfəsində imzalanması təsadüfi deyil. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən etibarən respublikamızın 60-dək şəhər və rayonunda uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilib. Hələ Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

Tədbirdə Dövlət Proqramı çərçivəsində görülən işlər təhlil edilib, ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər 669 dəfə oxundu.