Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri müzakirə olunub
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri və üzvləri bu mötəbər yarışın keçiriləcəyi “Baku Crystal Hall”da olublar.

Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-in vitse-prezidenti Faiq Həsənovun iştirak etdikləri görüşdə mötəbər yarışa hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb.

Yarış zalının tərtibatı, media mərkəzinin yerləşəcəyi məkan, olimpiada vaxtı arenada təhlükəsizlik tədbirləri və digər vacib məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin tamaşaçıların arenaya rahat daxil olmasını təmin etmək məqsədilə könüllülərin xidmətindən istifadə olunacağı vurğulanıb.

Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Baku Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. Bakı Şahmat Olimpiadasında 180-dək ölkədən 2500-ə yaxın şahmatçı, məşqçi və rəsmi şəxsin iştirakı gözlənilir.

Xəbər 615 dəfə oxundu.