Şahin Diniyev: Müdafiədə yaxşı oynasaq, istədiyimiz nəticəni qazana bilərik
Gəncə şəhər stadionunda keçirilən son məşqlə “Kəpəz” Topaz Premyer Liqasının 23-cü turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, sonuncu məşqdən sonra komandanın baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı mediaya fikirlərini bölüşüb:

“Maraqlı və gərgin mübarizə şəraitində keçəcək oyun olacaq. Biz bu görüşə həftə ərzində itkilərlə hazırlaşmışıq. Futbolçular zədə və ya xəstəlik səbəbindən bəzi məşqləri buraxıb. Tərlan Quliyev hazırda özünü yaxşı hiss edir, sonuncu məşqdə də istəklə çalışdı. Budaq Nəsirovla Junior Osvaldonun zədəsi tam aradan qalxmayıb. Namiq Ələsgərovun da müəyyən zədəsi var”.

“Sarı-göylər”in çalışdırıcısı rəqib haqda da danışıb: “Bizi asan oyun gözləmir. “Sumqayıt” gənc, ambisiyalı, mübarizə keyfiyyətlərini ortaya qoymağı bacaran komandadır. Komandanın heyətində milliyə dəvət alan oyunçular da var. Hücuma sürətlə atılmağı sevirlər. Deyərdim ki, həm onlar, həm də biz hücum etməyi sevən komandalarıq. Müdafiədə istənilən kimi oynaya bilsək, istədiyimiz nəticəni qazana bilərik”.

Xəbər 666 dəfə oxundu.