“Formula-1” yarışı ilə əlaqədar Bakıda yerli marşallar üçün təlim təşkil olunub
Bu ilin iyununda Azərbaycanda baş tutacaq “Formula-1” Avropa Qran-pri yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşəbbüsü ilə fevralın 27-də Marşallar Mərkəzində bəhreynli mütəxəssislərin təqdimatında təlim keçirilib.

İki gün davam edəcək təlimdə “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının “Marşal proqramı”na müraciət edən şəxslər arasından seçilmiş 80-dək rəhbər marşal iştirak edib. Onların arasında “Formula-1” azarkeşləri, xaricdə yaşayan azərbaycanlılar, avtoidman üzrə təcrübəli şəxslər və ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri var.

Təlimdə komanda işinin təşkili, üzvlər arasında səmərəli əlaqələrin qurulması, çevik qərar qəbuletmə, vəzifə və öhdəliklərin uğurlu icrası və s. mövzularda nəzəri və praktiki məlumatlar verilir. “Formula-1” üzrə keçirilən Qran-pri yarışlarının təşkilatçılığında sahib olduğu təcrübəni azərbaycanlı həmkarları ilə bölüşmək üçün Bakıya səfər edən bəhreynli mütəxəssislərin fikrincə, rəhbər marşalların təlim prosesi səmərəli keçir.

“Bəhreyn Beynəlxalq Halqası” şirkətinin icraçı direktoru Salman Əlxəlifə təlimin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Avropa Qran-pri yarışlarının keçiriləcəyi Bakı Şəhər Halqası şəhər treki olduğundan burada təşkil olunacaq “Formula-1” yarışı daha çox məsuliyyət tələb edir. Buna baxmayaraq, Azərbaycan bu işin öhdəsindən gələcək peşəkar kadrlara sahibdir. Azərbaycanın malik olduğu bu resurslar yarışın uğurlu təşkilinə imkan verəcək”. Təlimlərin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Salman Əlxəlifə Azərbaycanda marşalların formalaşması üçün bu tədbirin vacibliyini vurğulayıb. O, bu ilin yayında ölkəmizin “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edəcəyinə əminliyini diqqətə çatdırıb.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməliyyatlar şöbəsinin rəhbəri Çingiz Mehdiyev qısa müddətdə minlərlə şəxsin marşal olmaq üçün müraciət etdiyini bildirərək deyib: “Çoxsaylı müraciətləri nəzərə alaraq Marşal Klubunu təsis etdik. Biz bu klub əsasında marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edəcəyik. Eyni zamanda, beynəlxalq Marşal klubları ilə də sıx əməkdaşlıq quracağıq”.

Ç.Mehdiyev vurğulayıb ki, rəhbər marşalların işi çox məsuliyyətlidir. Çünki onlar 50 nəfərdən ibarət komandanı idarə edəcəklər. Proqrama qoşulan marşallar sonda beynəlxalq sertifikat alacaqlar. Bu sertifikat gələcəkdə beynəlxalq marşal lisenziyasını əldə etməyə çox kömək edəcək. Həmin lisenziyaya sahib olan marşallar həm ölkəmizdə təşkil edilən “Formula-1” yarışlarında, həm də digər Qran-prilərdə fəaliyyət göstərə bilərlər.

Hazırda Avropa Qran-pri yarışlarının “Marşal proqramı”na qeydiyyat davam edir. Proqrama qoşulmaq istəyənlər Bakı Şəhər Halqasının rəsmi internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Xəbər 650 dəfə oxundu.