Azərbaycan idmançısı MMA üzrə yarışlarda növbəti qələbəsini qazanıb
Qarışıq döyüş növləri (MMA) üzrə yarışlarda Azərbaycanı və “Qəbələ” idman klubunu təmsil edən Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Təmsilçimiz Moskvada təşkil olunan “Fight Nights Global 44” turnirində qüvvəsini sınayıb.

70 kiloqram çəki dərəcəsində çıxış edən döyüşçümüz Qran-pri turnirinin dörddəbir final qarşılaşmasında rusiyalı Nikolay Qaponov ilə üz-üzə gəlib. N.Abbasovun rusiyalı İqor Yeqorov ilə üz-üzə gəlməsi nəzərdə tutulsa da, rəqibin zədələnməsi nəticəsində o, Rostovun “MMA Triumf” klubunun üzvünə qarşı döyüşməli olub. Döyüşə fəal başlayan və üç raund ərzində üstün olan idmançımız son saniyələrdə rəqibini teykdaun vəziyyətində saxlayıb. Nəticədə N.Abbasov hakimlərin yekdil qərarı ilə qarşılaşmanın qalibi elan olunub.

İdmançımız qarşılaşmaya və mükafatlandırma mərasiminə üzərində ingilis dilində “26.02.1992. Xocalı soyqırımı” və “Xocalıya ədalət” sözlərinin yer aldığı formada çıxıb.

Bu qələbə sayəsində N.Abbasov keçirdiyi 12-ci görüşdə 10-cu qalibiyyətini qazanıb.

Xəbər 632 dəfə oxundu.