Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess” turniri bu ilin mayında keçiriləcək
Tanınmış Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan və ardıcıl iki il keçirilən “Shamkir Chess” turniri bu il də təşkil ediləcək.

“Synergy Group”un dəstəyi ilə keçiriləcək beynəlxalq turnir bu dəfə mayda baş tutacaq. Hazırda iştirakçıları müəyyənləşdirmək və reqlamenti təsdiqləmək üçün Təşkilat Komitəsi ilə Azərbaycan Şahmat Federasiyası arasında danışıqlar aparılır. Əvvəlki iki memorialın qalibi, norveçli dünya çempionu Maqnus Karlsenin bu dəfə də yarışda iştirakı gözlənilir. Martda keçiriləcək şahmat üzrə Azərbaycan çempionatında ilk iki yeri tutacaq şahmatçı “Shamkir Chess 2016” turnirində mübarizə aparmaq hüququ qazanacaq.

Vüqar Həşimov ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş FIDE-nin Qran-pri turnirinin, Avropa çempionatının qalibi adını qazanıb. Dünya çempionatında ikinci yeri tutan tanınmış zəka sahibi Ümumdünya Şahmat Olimpiadasının, Dünya İntellektual Oyunlarının mükafatçısı, həmçinin bir sıra mötəbər beynəlxalq turnirlərin qalibi və medalçısı olub.

Xəbər 2432 dəfə oxundu.