“Xəzər Lənkəran” AzAL ilə matça hazırlaşır
Unibank Premyer Liqasının XX turu çərçivəsində fevralın 15-də AzAL klubunu qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. İdman.com.az saytının xəbərinə görə, “ağ-yaşıllar” dünən sərbəst məşq keçirib. Bəzi futbolçular, əsasən də ailəlilər fevralın 10-da səhər saatlarında rəhbərliyin icazəsi ilə evlərinə buraxılmışdılar.

Düşərgədə qalan futbolçular isə sərbəst məşqdə iştirak ediblər. Hazırlığa qatılan futbolçuların arasında Andre Mureşan, Elvin Beçiri, Salif Ballo, Sadio Tounkara, Rodomir Todorov, Roberto Aliviz (ümumilikdə 10 futbolçu) olub. Komanda baş məşqçisi Cüneyd Biçərin yoxluğunda məşqi onun köməkçiləri keçməli olublar.

Qısa ötürmələr üzərində çalışmalarla başlayan hazırlıq prosesi sonradan kiçik ölçülü qapılara zərbələrlə davam edib. İki tərəfli oyunla hazırlıq prosesi yekunlaşıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” komandası bu gün fevralın 12-də bütün heyətlə Lənkəranda bir araya gələrək AzAL-la oyunun hazırlıqlarının yekun hissəsinə başlayacaq.

Xəbər 943 dəfə oxundu.