Azər Məhərrəmov: Hələ üç il əvvəl Azərbaycanın adı dünyanın triatlon xəritəsinə salınmamışdı
Azərbaycan Triatlon Federasiyasının (ATF) qərargahında təşkilatın İcraiyyə Komitəsinin cari ildə ilk iclası olub. ATF-nin prezidenti Azər Məhərrəmovun rəhbərliyi ilə keçirilən iclasda birinci yığmanın qarşıdan gələn yarışlara hazırlığı, gənclər komandasının perspektivləri və ən yaxın dövr üçün planlar müzakirə edilib.

Dünya triatlonunda yarış mövsümü tezliklə açılacaq. Artıq mart ayında ilk reytinq startları olacaq. Əsas komanda Kiprdə qarşıdan gələn yarışlara hazırlaşır. Martın 12-də Rostislav Pevtsov və Kseniya Levkovskaya Avstraliyanın Mululaba şəhərində Dünya Kubokunda çıxış edəcək. Bundan sonra isə idmançılarımızın bir sıra yarışlarda iştirakı planlaşdırılıb.

R.Pevtsov üçün bu il prioritet məsələ, demək olar ki, vəsiqə qazandığı Yay Olimpiya Oyunlarında çıxış etməkdir. Rioda keçiriləcək Oyunlar üçün seçim davam etsə də, R.Pevtsovun dünya reytinqə mövqeyi onun minimum tapşırığı artıq icra etdiyini göstərir.

Azərbaycanın gənclər yığması, bu il İspaniyanın Qandiya qəsəbəsində ilk təlim-məşq toplantısı keçirəcək. Valensiya şəhərindən 70 kilometr aralıda yerləşən bu məkan təsadüfi seçilməyib. Orada triatlonçuların hərtərəfli hazırlaşması üçün gözəl imkanlar var. Nurlan Əliyev, Zaur Arkaniya artıq bir neçə beynəlxalq yunior yarışlarında çıxış ediblər, Darina Moskalenko isə Avropa Kubokunda bürünc medal qazanıb. İspaniyada təlim-məşq toplantısında, mayın sonunda Lissabonda keçiriləcək Avropa birinciliyinə hazırlıq çərçivəsində Ukraynanın Kiyev şəhərində açıq çempionatda iştirak etmək isə bu gənclər üçün yeni çağırış olacaq.

Azər Məhərrəmov deyib: “Hələ üç il əvvəl Azərbaycanın adı dünyanın triatlon xəritəsində yox idi. Lakin bu müddətdə biz mühüm irəliləyişə nail olduq. R.Pevtsov həqiqətən də planetin ən yaxşı 20 atletindən biri sayılır. Gənc idmançılar nəsli yetişir. Qarşısına qoyduğu plan və vəzifələri həyata keçirən federasiya bu mövsüm olduqca məzmunlu fəaliyyət göstərməyi və məsuliyyətli olmağı vəd edir. Cari ildə idmançıları bir sıra böyük turnirlər, o cümlədən Lissabonda Avropa çempionatı və sözsüz ki, Rioda Olimpiada gözləyir. Bu yarışlar Azərbaycan triatlonçuları üçün yeni çağırış olacaq”.

Xəbər 757 dəfə oxundu.