Bakı Olimpiya Stadionu 7-ci oldu
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatını qazana bilməyib. UEFA-nın rəsmi xəbər tərəfdaşı olan StadiumDB tərəfindən hazırlanan sorğuda 15 ölkədən 22 stadion 2015-ci ilin ən yaxşısı adını qazanmaq üçün mübarizə aparırdı.

Sorğu həm ictimaiyyət, həm də münsiflər arasında keçirilib. Avropa Oyunlarının açılış, bağlanış və yüngül atletika sessiyalarına, futbol üzrə milli komandanın oyunlarına ev sahibliyi edən Bakı Olimpiya Stadionu dünya səviyyəli idman qurğuları sırasında yer alırdı. Sesvermə fevralın 19-da başa çatıb. Təəssüf ki, Bakı Olimpiya stadionu 5 ən yaxşı stadion sırasına düşə bilməyib. Sözügedən arena yeddinci yeri tutub. 28 141 bal toplayan arenaya jürilər tərəfindən də 5130 bal verilib. Jürilərin səsverməsində Olimpiya stadionu 8-ci yeri tutub.

Qeyd edək ki, jürilər ən yaxşı stadion kimi Fransanın Bordo şəhərindəki "Matmut Atlantik" arenasını seçiblər. 42 115 tamaşaçı tutumu olan arenanın inşasına 199,6 milyon dollar xərclənib. Azarkeşlər arasında aparılan sorğunun nəticəsinə görə isə, 1-ci yeri Meksikanın paytaxtı Mexikodakı "Estadio BBVA Bancomer" qazanıb. 53500 tamaşaçı tutumuna malik stadionun tikintisi 200 milyon dollara başa gəlib.

Xəbər 629 dəfə oxundu.