Bakıda idman gimnastikası üzrə dünya “Challenge” kuboku yarışları başlayıb
Fevralın 19-da Azərbaycanda ilk dəfə idman gimnastikası üzrə dünya “Challenge” kuboku yarışları başlayıb.

Yarışlar 2015-ci ildə ilk Avropa Oyunları zamanı gimnastikanın altı növü üzrə yarışlara ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir.

Kubok yarışlarında 19 ölkəni təmsil edən nümayəndə heyətinin tərkibində ümumilikdə 146 iştirakçı var. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 46 kişi və 22 qadın gimnast mübarizə aparır.

Dünya kuboku yarışlarına kişilər arasında sərbəst hərəkətlər və gimnastika atında yarışlarla start verilib.

Kişi gimnastlardan üçqat dünya çempionu Kenzo Siray (Yaponiya), gimnastika atı üzərində hərəkətlərdə dünya çempionatının bürünc medalçısı Kaya Kazuma (Yaponiya), Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı Marsel Nguyen (Almaniya), xalça üzərində sərbəst hərəkətlər üzrə Avropa çempionu Aleksandr Şatilov (İsrail) və digər gimnastlar yarışlarda iştirak edirlər.

Bu mötəbər idman tədbirinin tanınmış qadın gimnastları isə Olimpiya, dünya və Avropa çempionu Oksana Çusovitina (Özbəkistan), yeniyetmələrin Yay Olimpiya Oyunlarının sərbəst hərəkətlər üzrə çempionu Flavia Lopes Sarayva (Braziliya) və dünya kuboklarının üçqat qızıl medalçısı Dorina Bötsogödür (Macarıstan).

Favoritlər arasında dünya çempionatının paralel qollar üzərində bürünc medalçısı, “Bakı-2015” ilk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.

Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən idman gimnastikası üzrə FIG dünya “Challenge” kubokunun gümüş medalçısı Kristina Pravdina, Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edir.

Yarışların ilk iki günündə kişi və qadın gimnastları arasında kubokun təsnifat mərhələləri, sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq almaları üçün kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da təşkil olunacaq.

Xəbər 637 dəfə oxundu.