İsrail gimnastı: Əsas rəqiblərimdən biri Azərbaycan idmançılarıdır
“İdman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku yarışı Bakıda yüksək səviyyədə keçiriləcək”.

Bunu müsahibəsində İsrail gimnastı Aleksandr Şatilov bildirib.

“Bir neçə dəfə, o cümlədən Avropa Oyunları zamanı səfər etdiyim Azərbaycana yenidən gəlmək çox xoşdur. İdman gimnastikası üzrə Dünya Kuboku mərhələsi Azərbaycanda ilk dəfə təşkil olunur və düşünürəm ki, bu, ölkə üçün kifayət qədər vacib hadisədir. Əminəm ki, yarışlar ən yüksək səviyyədə keçiriləcək”, - deyə o bildirib.

A.Şatilov arenanın çox yüksək səviyyədə inşa edildiyini, həm məşq, həm də yarış zalının yaxşı olduğunu vurğulayıb. “Hər şey rahat şəkildə təşkil olunub, məşq zalından yarış zalına keçidlər çox rahat və qısadır. Belə ki, çox vaxt itirmədən isinmə hərəkətlərindən sonra dərhal yarış zalına keçmək mümkündür. Bir daha vurğulamaq istəyirəm ki, Avropa Oyunlarının təşkilatçılığı çox yüksək səviyyədə idi və ümid edirəm ki, Dünya Kuboku yarışı da bu səviyyədə olacaq”, - deyə o bildirib.

İdmançı, qarşısına nə olursa-olsun qələbə qazanmaq tapşırığı qoymadığını, başlıca məqsədinin yeni kombinasiyaları sınaqdan keçirmək olduğunu qeyd edib: “Bu kubok mənim üçün çox da uğurlu olmayan Dünya Çempionatından (Qlazqo) sonra ilk yarışdır. Odur ki, biz bundan sonra müəyyən nəticələrə gəlmişik. Bu yarışlar mənim üçün həm Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iştirak edəcəyim Test Turnirinə, həm də Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır. Əgər hər şey plana uyğun getsə, bu, fəxri kürsüyə yüksəlmək üçün yaxşı fürsətdir və burada qazanacağım təcrübəyə əlavə olaraq bir mükafat olacaq”.

Gimnast Dünya Kuboku yarışı statusunun Avropa Oyunlarından zəif olduğuna baxmayaraq, məhz kubokda Asiya idmançılarının iştirakına görə müsbət nəticə qazanmağın asan olmayacağını vurğulayıb.

Onun sözlərinə görə, medal uğrunda mübarizədə onun əsas rəqiblərindən biri də Azərbaycan idmançılarıdır.

“İdmançıların çıxış səviyyəsinə gəldikdə isə burada Yaponiya təmsilçiləri və Azərbaycan gimnastları Oleq Stepko və Petro Paxnyuk kimi güclü gimnastları qeyd edə bilərəm. Lakin düşünürəm ki, hər bir idmançı qarşısına öz məqsədini qoymalı və digər rəqiblərinə baxmamalıdır”, - deyə A.Şatilov bildirib.

İdman gimnastikası üzrə İsrail yığma komandasının baş məşqçisi Sergey Vaysburq Avropa Oyunları ilə müqayisədə bu kubokda müsbət nəticə qazanmağın daha çətin olacağını qeyd edib. “Avropa Oyunlarında yalnız Avropa gimnastları iştirak edirdi, bu isə Dünya Kubokudur və burada dünyanın hər yerindən gimnastlar toplaşacaq. Hazırda dünyada ən güclü hesab edilən Asiya gimnastlarını qeyd etməyə dəyər. Lakin biz yalnız iştirak etmək üçün gəlməmişik, çalışacağıq ki, fəxri kürsünün hər hansı bir pilləsinə yüksələk”, - deyə baş məşqçi qeyd edib.

Xatırladaq ki, idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku mərhələsi 2016-cı ilin 19-21 fevral tarixlərində Bakıda – ötən ilin yayında Avropa Oyunları zamanı gimnastikanın 6 növü üzrə yarışların təşkil olunduğu Milli Gimnastika Arenasında baş tutacaq. Kubokda ayrı-ayrı alətlər üzrə finallarda medallar uğrunda 19 ölkəni təmsil edən 46 kişi və 22 qadın mübarizə aparacaq. Ümumilikdə isə nümayəndə heyətlərinin tərkibində Bakıya 146 nəfər təşrif buyuracaq. Yarışın 1-ci və 2-ci günü təsnifat mərhələsi keçiriləcək. Ayrı-ayrı alətlər üzrə final həyəcanı isə yarışın son günü olacaq. Fasilələr zamanı tamaşaçılar üçün maraqlı müsabiqələr və əyləncəli fləş-moblar təşkil olunacaq.

AZƏRTAC

Xəbər 600 dəfə oxundu.