Azərbaycan gimnastı: Dünya kuboku yarışlarında yüksək yerlər uğrunda mübarizə aparacağıq
Yaxın günlərdə Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda yüksək yerlər uğrunda mübarizə aparacağıq.

Bunu müsahibəsində idman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Yuliya İnşina deyib.

“Yarışlara hazırlıq normal gedir. Hələ yüz faiz hazır deyilik, lakin hazırlaşmağa vaxtımız var. Tezliklə yarış meydançasına çıxacağıq və orada alətlər üzərində hərəkətləri sınaqdan keçirəcəyik. Düşünürəm ki, hər şey yaxşı olacaq”, - deyə Y.İnşina bildirib.

Atlet diqqətə çatdırıb ki, Milli Gimnastika Arenası turnirin keçirilməsinə hazırdır. Tamaşaçıları, bizi və qonaqları gözləyir. Arena istənilən turnirə ev sahibliyi etməyə tam hazırdır.

İdman gimnastikası üzrə dünya kuboku yarışları fevralın 19-21-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarışda 19 ölkəni təmsil edən 44 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq.

Turnirdə favoritlər arasında dünya çempionatının paralel qollar üzərində yarışlarının bürünc mükafatçısı, “Bakı-2015” ilk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan atleti Oleq Stepko və komanda hesabında onunla birgə üçüncü olmuş Petro Paxnyuk da yer alır.

Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edəcək.

AZƏRTAC

Xəbər 774 dəfə oxundu.