Çempionlar Liqası: Səkkizdəbir final mərhələsi iki oyunla start götürəcək
İkı aylıq fasilədən sonra bu gün futbol üzrə Çempionlar Liqasında səkkizdəbir final mərhələsinə start veriləcək.

İlk oyun günündə dörd komanda meydanda mübarizə aparacaq. Günün mərkəzi görüşü Parisdəki “Park de Prens” stadionunda Fransanın PSJ və İngiltərənin “Çelsi” klubları arasında oynanılacaq. Bu günədək Çempionlar Liqasında altı dəfə qarşılaşan komandalar üç oyunda meydanı “sülh”lə tərk ediblər. Qalan üç matçdan ikisi İngiltərə təmsilçisinin, biri isə Paris klubunun qələbəsi ilə başa çatıb. Məlum olub ki, “zadəganlar” Fransaya ciddi itkilərlə yollanıblar. Maraqlı məqam isə bu komandaların ardıcıl üçüncü mövsüm qrupdan sonrakı mərhələdə üz-üzə gəlmələridir.

Paralel oyunda Portuqaliyanın “Benfika” klubu Lissabonun “Eştadiu da Luj” stadionunda Sankt-Peterburqun “Zenit” komandasını qəbul edəcək. Cütlük bugünədək qitənin ən nüfuzlu klub turnirində dörd dəfə görüşüblər. Bu qarşılaşmaların üçündə Rusiya, birində isə Portuqaliya təmsilçisi qələbə qazanıb.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 621 dəfə oxundu.