Rəvanın rekord seriyası qırıldı
“Rəvan” klubunun səfər oyunlarındakı seriyaları qırılıb. 12-ci turun ötən il noyabrın 11-də keçirilən “Neftçi” ilə səfər oyununda 3:2 hesabı ilə qalib gələn Bəhmən Həsənovun yetirmələri rəqib meydanlarında ardıcıl 5 heç-heçə edib.

“Qəbələ” (1:1), “Kəpəz” (0:0), son 3 turda isə “Sumqayıt” (3:3), “Xəzər Lənkəran” (0:0) və “Neftçi” ilə matçlarda bərabərlik əldə edən “Rəvan”ın sülh seriyası 21-ci turda qırılıb. “Zirə”yə 1:2 hesabı ilə yenilən “sarı-qırmızılar” ardıcıl 3, səfərdə 5 matçlıq heç-heçə seriyasını davam etdirə bilməyib. Bununla da komanda Azərbaycan çempionatları tarixinin yeni rekorduna imza atmaq şansını qaçırdıb. “Rəvan” ardıcıl 5 səfər oyununda heç-heçə edən ikinci klub kimi tarixə düşsə də, “Viləş”in 2000-ci ildəki göstəricisini arxada qoya bilməyib. 16 il öncə Masallı təmsilçisi məhz 5 dəfə rəqib meydanlarından 1 xalla dönmüşdü.

Rekorda şərik olan paytaxt təmsilçisinin səfərdəki məğlubiyyətsizlik seriyası isə 6-da qalıb. “Neftçi” üzərində qələbə və 5 heç-heçədən öncə - oktyabrın 28-də “Qarabağ”a 0:1 hesabı ilə uduzan Həsənovun yetirmələri 110 gündən sonra rəqib meydanında xalsız qalıb. Səfərdə ən uzun məğlubiyyətsizlik seriyası 2000-01-ci illərdə 21 oyun yenilməyən “Şəmkir”ə məxsusdur.

Xəbər 764 dəfə oxundu.