Lider dəyişəcəkmi?
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranmış fasilə bitəcək. İdman.com.az saytının məlumatına görə, 2-ci dövrənin ilk turunda 3 görüş baş tutacaq. Son Azərbaycan çempionu “Rabitə”nin istirahət edəcəyi oyun günündə müvəqqəti lider dəyişikliyi də baş verəcək.

Belə ki, tura “Azəryoloservis” – “İqtisadçı” matçı ilə start veriləcək. Oyunun favoriti universitet komandası olsa da, debütantdan da sürpriz gözləməyə dəyər. Düzdür, avrokuboklarla vidalaşan “İqtisadçı” artıq bütün gücünü Super Liqaya qoyacaq və yeni baş məşqçi Bülənd Qarslıoğlu da debütünü 2 xalla başa vurmağa çalışacaq.

Bu oyunun ardınca turun mərkəzi matçı “Bakı” ilə “Lokomotiv” arasında baş tutacaq. Çellenc kubokunundan fərqli, Super Liqanın son oyunlarda qələbəyə həsrət qalan və liderliyi itirən Ancelo Vercesinin komandası, bu dəfə xal itkisinə yol verməməyə çalışacaq. Onlar ilk dövrədəki kimi “Lokomotiv”ə qalib gəlsələr, yenidən birinci pillənin sahibinə çevriləcəklər (ən yaxın izləyicilərindən 1 oyun çox keçirdikləri üçün).

Əgər “dəmiryolçular” revanş etsələr, ilk “üçlüyə” daxil olacaqlar. Bunun üçün qalibin əvvəlki oyundan fərqli, həlledici setdə müəyyənləşəcəyi gözləniləndir. Çünki həmin oyunda hələ komandalar bir-birini tanımırdılar.
“Bakı” məğlub olarsa, liderliyi “Azərreyl” ələ keçirəcək. Çünki Faiq Qarayevin drujinası hələ 1 setdə qələbə həsrətində olan “Lokomotiv Biləcəri” ilə matçda xal itirəcəyi inandırıcı deyil. Bunun onlar “Bakı”nın məğlubiyyətindən və “Rabitə”nin oynamamasından istifadə edə bilərlər.

12 fevral
VIII tur

15:00. “Azəryoloservis” – “İqtisadçı”
Hakimlər: Vüqar Cəfərov, Murad Abdurəhmanzadə

17:00. “Bakı” – “Lokomotiv”
Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin

19:00. “Lokomotiv Biləcəri” – “Azərreyl”
Hakimlər: Ceyhun İsmayılov, Zaur Hacıyev

O Q M S T X

1.«Rabitə» 5 5 0 15-1 392:271 10
2.«Bakı» 6 4 2 13-6 442:387 10
3.«Azərreyl» 5 4 1 12-7 431:393 9
4. «Lokomotiv» 5 3 2 11-6 299:336 8
5.«Azəryolservis» 6 1 5 5-15 384:469 7
6. «İqtisadçı» 5 2 3 7-10 380:390 7
7.«Lokomotiv Biləcəri» 6 0 6 0-18 283:451 6

Xəbər 1220 dəfə oxundu.