"Bakı" "Qarabağ"la oyunun hazırlığına başladı
Peşəkar Futbol Liqasının (PFL) ölkə ərazisində hökm sürən ağır hava şəraiti ilə əlaqədar çempionatın təqvimində dəyişiklər etdiyi barədə məlumat vermişik. İdman.com.az-ın "Bakı" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, XIX turun qarşılaşmalarının təxirə salınmasından sonra, komanda hazırlıq planlarında da yerdəyişmələr baş verib.

Hazırda komanda "Qarabağ"la oyuna klubun təlim-məşq bazasında hazırlaşır. Bu gün bazanın qapalı meydanında məşqə çıxan futbolçuların istəkli olduğu diqqətləri çəkib. Zədəli futbolçular İbrahim Karqbo və Elvin Əliyev fərdi məşq keçərkən, komanda zalda bir araya gəlib.

Aleksandr Starkov və köməkçiləri əzmkarlıqla çalışan oyunçuların fərdi hazırlığına xüsusi diqqət yetirirdi. Qızınma hərəkətlərinin ardından topla məşğələlərə keçən futbolçular 90 dəqiqəlik məşqi yüksək əhval-ruhiyyə ilə başa vurublar.

Bir daha xatırladaq ki, təqvimdə yer alan dəyişikliklərə əsasən, "Bakı" fevralın 15-də "Qarabağ"ı qəbul edəcək. Klubun təlim-məşq bazasının stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səslənəcək.

Xəbər 881 dəfə oxundu.