Elnur Amanov: Olimpiya Oyunlarına vəsiqə qazanan taekvondoçularımız xüsusi hazırlıq keçəcəklər
Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandasının təlim-məşq toplanışlarına 18 idmançı cəlb olunub. Fevralın 11-dək davam edəcək məşqlər gündə 2-3 dəfə keçirilir. Fevralın 12-də yığma komandamız Antalyada keçiriləcək turnirlərdə iştirak etmək üçün Türkiyəyə yola düşəcək. Məqsəd orada idmançılarımızın hazırlığını yoxlamaqdır.

Bu sözləri Azərbaycan yığma komandasının böyük məşqçisi Elnur Amanov öz müsahibəsində bu il taekvondoçularımızın iştirak edəcəyi beynəlxalq yarışlar və Rio Olimpiya Oyunlarına hazırlığı haqqında məlumat verərkən deyib.

Böyük məşqçi qeyd edib ki, idmançılarımız fevralın 14-16-da Antalyada “Turkish Open” turnirində mübarizə aparacaqlar. Fevralın 18-20-də isə həmin şəhərdə klublar arasında Avropa çempionatı keçiriləcək. Yığma komandamız həmin yarışlara tam heyətlə qatılacaq.

Komandamızın üzvlərinin iştirak edəcəyi digər beynəlxalq turnirlər haqqında da danışan E.Amanov deyib: “Martın 4-6-da kişilərdən ibarət yığma komandamız Misirdə keçiriləcək “Luksor Open” turnirində mübarizə aparacaq. Mart və ya aprel aylarında Ukraynanın Lvov şəhərində “Ukraine Open”da çıxış etməyimiz nəzərdə tutulur. Aprelin 7-9-da Almaniyanın Bonn şəhərində taekvondo üzrə prezident kuboku yarışında, mayın 19-22-də isə İsveçrənin Montro şəhərində təşkil ediləcək Avropa çempionatına qatılmağı planlaşdırırıq. Bu yarışlar paralel olaraq həm Avropa çempionatı, həm də Olimpiya Oyunlarına hazırlıq məqsədi güdür”.

E.Amanov deyib ki, maydakı Avropa çempionatınadək yığma komandanın üzvləri üçün məşq proseslərini eyni qaydada davam etdirəcəyik. Qitə çempionatı başa çatdıqdan sonra Olimpiadaya vəsiqə qazanan iki kişi taekvondoçumuz Radik İsayevin və Milad Beigi Hərçəqaninin məşqlərini intensivləşdirəcəyik. Onlar Olimpiada üçün xüsusi hazırlıq keçəcəklər. Hazırlıq prosesini yığma komandanın baş məşqçisi Reza Mehmandoustla müzakirə edəcəyik. Olimpiya Oyunlarında taekvondo sahəsində uğurlarımızı davam etdirməyə, uzaq Cənubi Amerika ölkəsində xalqımızı idmançılarımızın qələbələri ilə sevindirməyə səy göstərəcəyik.

AZƏRTAC

Xəbər 827 dəfə oxundu.