Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası rusiyalı idmançıları cəzalandırıb
Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) rusiyalı idmançıları cəzalandırıb.

Qurum tərəfindən beynəlxalq turnirlərdə çıxışına qadağa qoyulan idmançıların siyahısı açıqlanıb. İAAF-in rəsmi saytında yerləşdirilən siyahıda yüngül atletika üzrə dörd min rusiyalı idmançının adı da var. Bu sayın artacağı istisna edilmir.

Dopinq qalmaqalında adları hallanan atletlərdən başqa, Rusiya yığmasının yüksək nəticə göstərən idmançıları da beynəlxalq yarışlardan kənarlaşdırılıb. Onların arasında şüvüllə hündürlüyə tullanma üzrə dünya rekordunun sahibi Yelena İsinbayeva, maneələrlə qaçış üzrə dünya çempionu Sergey Şubenkov, hündürlüyə tullanma üzrə Olimpiya çempionu Anna Çiçerova və ikiqat dünya çempionu Mariya Kuçina, eləcə də uzunluğa tullanma üzrə ikiqat Avropa birincisi Darya Klişına da var.

İAAF Ümumdünya Antidopinq Agentliyinin (WADA) məruzəsinə əsasən rusiyalı yüngül atletləri özünün himayəsi altında keçiriləcək turnirlərdən kənarlaşdırmaq qərarına gəlib. Qadağanın tətbiq edildiyi yarışlar arasında, “Rio-2016” Olimpiya Oyunları da var.

Xəbər 723 dəfə oxundu.