“Böyük dəbilqə” turnirinə yekun vurulub
Fransanın paytaxtı Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turnirinə yekun vurulub. 93 ölkədən 583 cüdoçunun qalib adı uğrunda mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 11 cüdoçu ilə təmsil olunub. Yarışın son günündə tatamiyə 7 cüdoçumuz çıxıb.

100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov mübarizəyə ikinci dövrədən başlayıb. Cüdoçumuz yarımfinala gedən yolda avstriyalı Kristof Kronberger, estoniyalı Qriqori Minaskin və hollandiyalı Mixail Korrel üzərində qələbə qazanıb. Yarımfinalda tatami sahibi Siril Maretə məğlub olaraq bürünc medal uğrunda Almaniya təmsilçisi Karl Riçard Frey ilə qarşılaşıb. Lakin almaniyalı cüdoçuya da məğlub olan Qasımov “Böyük dəbilqə”də 5-ci olub.

Millli komandamızın iki cüdoçusu - Elxan Məmmədov (100 kq) və Uşangi Kokauri (+100 kq) mötəbər turnirdə 7-ci olublar.

Digər cüdoçularımız - Rüstəm Alimli, Əbdülhəq Rəsullu (hər ikisi 90 kq), Şahin Qəhrəmanov və Ramin Qurbanov (hər ikisi 90 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, cüdo üzrə Azərbaycan milli komandası Paris “Böyük dəbilqə” turnirini İlqar Müşkiyevin (60 kq) qazandığı bir gümüş medalla başa vurub.

Xəbər 692 dəfə oxundu.