Azərbaycan Premyer Liqasının XX turu iki oyunla davam edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında iki qarşılaşma keçiriləcək.

Oyunlar Bakı və Sumqayıtda baş tutacaq. Günün ilk matçında “Sumqayıt” komandası “Zirə”ni qonaq edəcək. On səkkiz xalla səkkizinci pillədə qərarlaşan meydan sahibləri görüşdən üç xalla ayrılarsa, ən yaxın qonşusu AZAL ilə xal fərqini dördə endirəcək. Turnir cədvəlinin ikinci pilləsində yer alan “Zirə” isə çempionluq yoluna davam etmək üçün qələbəyə iddialıdır. Cari mövsümədək qarşılaşmayan komandaların ilk iki oyununda “Zirə” məğlub olmayıb.

Turun digər oyununda isə “Qarabağ” və “Xəzər-Lənkəran” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qalib gələcəyi təqdirdə çempionluq yolunda ən yaxın izləyicisi “Zirə”dən bir qədər də aralaşacaq. Mövsümün ikinci yarısına gənc heyətlə start verən “Xəzər-Lənkəran” isə sonuncu pillələrdən qurtulmaq üçün mütləq qələbə qazanmalıdır.

Tura fevralın 7-də oynanılacaq daha iki görüşlə yekun vurulacaq.

Xəbər 655 dəfə oxundu.