Şəhriyar Əliyev: “Uğurlu startımızı davam etdirmək istəyirik”
Topaz Premyer Liqasının XX turunda “Kəpəz” Gəncə şəhər stadionunda AZAL-ı qəbul edəcək. Qarşıdakı oyun öncəsi “sarı-göylər”in futbolçusu Şəhriyar Əliyev açıqlama verib. Müdafiəçi komandasını çətin matçın gözlədiyini bildirib: “Deyərdim ki, AZAL-la oyun “Qəbələ” matçından daha çətin olacaq. Bölgə klubuna da qarşı zəif oynamadıq. Sadəcə, güclü, iddialı komandalara qarşı motivasiya başqa cür olur. AZAL da yaxşı komandadır. Bizim kimi onların da Avroliqaya getmək şansı var. Turnir cədvəlində də bizdən çox da uzaqda deyillər. Aramızda xal fərqi azdır”.

Əvvəlki iki dövrədə keçirilən “Kəpəz” – AZAL oyunlarında fərqli nəticələr qeyd alınıb. Gəncədə Bakı təmsilçisini 1:0 hesabı ilə məğlub edən “sarı-göylər” paytaxtda reallaşmış oyunda 1:1 hesablı heç-heçə etmişdi: “Həm biz, həm də rəqib meydana qələbə üçün çıxacaq. Onlar da səfərə xal aparmağa gələcəklər. “Qəbələ” ilə oyundakı uğurlu startımızı davam etdirmək istəyirik. Razıyam ki, bizə çox çətin olacaq. Ancaq qələbə qazanmalıyıq. Bu oyun bizə hava-su kimi lazımdır. Doğma stadion və azarkeş amili xeyrimizədir. Odur ki, məqsədimiz üç xal götürməkdir”. (klub saytı)

Xəbər 771 dəfə oxundu.