“Baku Fires” – “Uzbek Tigers”: döyüş öncəsi mətbuat konfransı keçiriblər
Ümumdünya Boks Seriyasında mübarizə aparan “Baku Fires” klubu bu gün yeni mövsümdə ikinci görüşünə çıxacaq. Komandamızın rəqibi “Uzbek Tigers” olacaq. Ötən gün isə hər iki komandanın baş məşqçiləri və boksçularının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib.

Döyüşün supervayzeri Patt Fiakko ötən il Avropa Oyunlarında Bakıda olduğunu xatırladaraq, yenidən şəhərimizə gəlməkdən məmnunluğunu ifadə edib. Qonaqların baş məşqçisi Rovşan Xocayev Özbəkistanın WSB-yə yeni qoşulduğunu deyərək debüt mövsümündə güclü rəqiblərlə üz –üzə gələcəklərini bildirib:

“D qrupunda “Baku Fires” və “Astana Arlans” kimi güclü rəqiblər var. Əminəm ki, ən maraqlı və gərgin görüşlər məhz bizim qrupda olacaq”. Xocayev ilk turda səfərdə Puerto Riko komandasını 5:0 hesabı ilə məğlub etmələrinin təsadüfi olmadığını vurğulayıb və qeyd edib ki, komandası çempionata yaxşı hazırlaşıb. Çalışdırıcının sözlərinə görə, Kubada bu ölkənin boksçuları ilə təlim-məşq toplanışı keçiriblər. O, Baku Fires-lə qarşılaşmada əksər çəkilərdə qalib gələcəklərinə ümidvar olduğunu deyib.

Öz növbəsində “Baku Fires”-in baş məşqçisi Nuripaşa Talibov Özbəkistanda böyük boks ənənələri olduğunu diqqətə çatdırıb. O, “Uzbek Tigers”-in debütant olmasına baxmayaraq, D qrupunda ən güclülərdən sayıldığını deyib:

“İlk görüşdə səfərdə “Astana Arlans”-a 1:4 hesabı ilə uduzduq. Hesab edirəm ki, Karaqandada 91 kq çəki dərəcəsində mübarizə aparan Hacı Murtuzəliyev rəqibinə məğlub olmamışdı. Ümumilikdə isə etiraf etmək lazımdır ki, “Astana Arlans” son çempiondur və liqanın ən güclü klublarındandır”. Talibov adı iştirak ərizəsinə salınan Albert Səlimov və Abdulqadir Abdullayevin bu mövsümdə rinqə çıxıb-çıxmayacağı məsələsinə də toxunub. N. Talibov hər iki boksçunun milli komandanın düşərgəsində Macarıstanda beynəlxalq turnirdə olduqlarını xatırladıb. “Baku Fires”-in baş məşqçisi Abdullayevin çox güman ki, Puerto Riko təmsilçisi ilə döyüşdə rinqdə olacağını deyib.

Qeyd edək ki, komandamızın düşərgəsində hazırda yeni boksçu yer alır. Super ağır çəki dərəcəsində çıxış edən ukraynalı Vladislav Sirenkonun 20 yaşı var. Hələ ki, onunla müqavilə imzalanmayıb.

“Baku Fires – “Uzbek Tigers“ görüşü fevralın 5-də saat 19-da Boks Mərkəzində start götürəcək.

Xəbər 676 dəfə oxundu.