Rizvan Gənciyev: «Məqsəd dəyişilməz qalır: WSB çempionu olmaq istəyirik» - MÜSAHİBƏ
«Baku Fires»in baş meneceri Rizvan Gənciyev klubun mətbuat xidmətinin rəhbərinə müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə o, pley-off mərhələsində qarşılaşacağımız rəqiblər barədə danışıb, yaxın gələcəkdəki hədəfləri açıqlayıb:

- «Baku Fires» ötən şənbə Fransanın «Paris United» klubuna qalib gəlməklə (3:2), qrupda birinciliyi özünə təmin edib. Bununla yanaşı, o da məlumdur ki, görüş baş tutmaya da bilərdi.
- Bəli. Fransızlar hava şəraiti səbəbindən Bakıya vaxtında uça bilməyəcəklərini dedilər. Sonra bildirdilər ki, onların reysi dəyişmək üçün pulları yoxdur… Daha sonda biz görüşün baş tutması üçün onların pulunu ödədik. Bunu uşaqlarımızın rinqdə Paris üzərində üstünlüklərini göstərmələri üçün etdik. Əgər fransızlar gəlməsəydilər, onlara 0:5 hesablı texniki məğlubiyyət veriləcəkdi. Lakin bu, bizim boksçuların reytinq xalına əlavə olunmayacaqdı. «Paris United»lə görüşə fərdi finallara düşmək üçün bizim iddiaçılar çıxmışdı və onlar mütləq öz aktivlərinə daha bir qələbə əlavə etməli idilər.

- Bundan əlavə, «Paris United»in bəzi boksçuları artıq çəkiyə malik idilər. Amma yenə də biz onlara güzəştə getdik…
- Fransa komandasının üç boksçusunda artıq çəki vardı: 54, 61 və 73 kq-dək çəkilərdə. Supervayzer onları matça buraxmaq istəmirdi. Lakin biz burada da öz razılığımızı verdik. Bizim uşaqlar dedilər ki, rəqibin artıq çəkiyə malik olmasına baxmayaraq, döyüşəcəklər.

- Görüş sizdə hansı təəssüratları yaratdı?
- «Paris United»lə bizim köhnə haqq-hesabımız var. Ötən mövsümün yarımfinalında hakimlərin qərəzli qərarlarına görə uduzduq. Odur ki, bu prinsipial qarşıdurma idi. Nəticədə biz 3:2 hesabı ilə qalib gəldik.
Qairbəy Germaxanov yüngül çəkidə təsadüfən lider olmadığını yenidən sübut etdi. O rəqibə qalib gəlməklə, şəxsi finalda özünə yer təmin etdi.
Hesab edirəm ki, 61 kq-dək çəki dərəcəsində Mədadi Naqzibəyov Abdülkadər Şadi ilə görüşdə qalib gəlmişdi. Ancaq hakimlər ədalətsiz oldular və qələbəni əlcəzairliyə verdilər. Biz bu qarşılaşma ilə bağlı etirazımızı bildirdik. Çünki Mədadinin finala çıxmaq üçün yaxşı şansı var.
Ən prinsipial döyüş isə 73 kq-dək çəki dərəcəsində Xeybulla Mürsəlovla Mişel Tavares arasında oldu. Birinci dövrədə hakimlər mübahisəli qərar qəbul etdilər və qələbəni fransıza verdilər. Mürsəlov revanş almaq istəyi ilə alışıb-yanırdı və o, yekunda buna nail oldu. İdmançımız reytinqdə ikinci oldu və finala çıxmaq üçün yaxşı şansı var. Xeybulla üçün həlledici döyüş fevralın 17-si Meksikada olacaq.
Ramazan Məhəmmədov da (85 kq) özünü yaxşı göstərdi. O, olduqca kobud döyüşən Xrvoye Sepa qarşı ağıllı vuruşdu. Məşqçilər Ramazana düzgün taktika vermişdilər. Boksçumuz taktiki cəhətdən rəqibini üstələdi. Məhəmmədov 2-ci yerə qalxdı. Bu çəki dərəcəsində liderlik isə digər boksçumuz Əzəmət Murtuzəliyevə məxsusdur. Ola bilsin ki, finalda iki azərbaycanlı olsun!
91 kq-dan artıq super çəki dərəcəsində Əbdülqədir Abdullayev Filipp Xrqoviçə məğlub oldu. Demək lazımdır ki, Əbdülqədir bu çəki dərəcəsində həmin çəkidə boksçularımızın az olması səbəbindən çıxış edir.
Həvəskar boksda Abdullayev 91 kq çəkiyə qədər mübarizə aparıb. Xorvatın çəkisi ondan 15 kq çox idi və bu özünü nəticədə göstərməyə bilməzdi. Xrqoviç qələbə qazandı.
Ümumilikdə, biz nəticə ilə razıyıq. Qələbə münasibətilə bizi Federasiyanın prezidenti Kəmaləddin Heydərov təbrik etdi. Biz birinci yerdəyik və indiyədək məğlub olmayan yeganə komandayıq. Rəqibimizi gözləyirik. Bu rəqib ya Hindistanın «Venky’s Mumbai Fighters» klubu, ya da ABŞ-ın «Los Angeles Matadors» komandası olacaq. Bizim üçün dörddəbir finalda kiminlə görüşməyin elə də fərqi yoxdur. Fevralın 13-də onlar ikisi görüşəcəklər. Bu matç rəqibimizin kim olacağını müəyyənləşdirəcək.

- «Leipzig Leopards» ilə keçiriləcək görüşdə azarkeşlər komandanın yeni üzvü Vətən Hüseynlini görə biləcəklər. Bəs Meksikada, 10-cu turda debütantlardan kimi görəcəyik?
- Bəli, Almaniyada yeni üzvümüz Vətən çıxış edəcək, Meksikada isə dərhal 4 nəfər debütantımızı görə biləcəksiniz. «Mexico City Guerreros»a qarşı Məhəmməd Qurbanov (54 kq), İsa İsayev (61 kq), Rəcəb Əliyev (85 kq) və 2011-ci il Azərbaycan çempionatının finalçısı Fərid Şabanov (+91 kqı) çıxış edəcəklər. Bir qədər əvvəl də qeyd etdiyim kimi, 73 kq-a qədər olan kateqoriyada Heybulla Mürsəlov döyüşəcək.
Meksikada döyüşmək olduqca çətindir. Mexiko yüksək dağlıqda yerləşir. Həmin yüksək dağlıq əraziyə matça 2-3 gün qalmış gələn komandalar iqlimə öyrəşməklə bağlı ciddi çətinliklərlə üzləşirlər. Buna görə də, biz oraya matç başlanmazdan 6 gün əvvəl uçacağıq.
On matçda on qələbə qazanmağı qarşımıza məqsəd qoymuşuq. Görək, debütantlarımız özlərini necə doğruldacaqlar.

- Ümumilikdə, qış transfer kampaniyasından razı qaldınızmı?
- Bizdə əvvəlki kimi ağırçəkili boksçularla bağlı problemlər var. Federasiyaların bir çoxu aprel ayında Trabzonda keçiriləcək olimpiya təsnifat turnirinə hazırlıqla bağlı öz boksçularını yarışlara buraxmırlar. Ümid edirəm ki, növbəti mövsümdə işimiz daha asan olacaq.

- Azərbaycan yığmasından olan olimpiyaçıların vəziyyəti nə yerdədir? Onlar bu mövsümdə Baku Fires-ın şərəfini qoruyacaqlarmı?
- Əgər onların köməyinə ehtiyac yaranarsa, Federasiyanın prezidentinə bununla bağlı müraciət edəcəyik ki, onların məsələn, yarımfinalda və ya final matçında çıxış etməsi üçün icazə versin. Xüsusilə, bu Məhəmmədrəsul Məcidova aiddir. Hələ ki, öz gücümüzlə kifayətlənirik. Məqsəd dəyişilməz olaraq qalır: WSB çempionu olmaq istəyirik.

- Məcidov üçün qrup mərhələsində döyüş keçirmədən WSB çempionatında çıxış etmək çətin olmayacaq ki? Axı, pley-off mərhələsində istənilən məğlubiyyət ümumi məğlubiyyətə gətirib çıxara bilər.
- Ötən mövsümdə o, səkkiz döyüş keçirib. Düşünürəm ki, bu təcrübə onun bu il WSB çempionatında birbaşa olaraq döyüşə bilməsi üçün kifayət edir. İndi boks yığma komandamız Mayamidə təlim-məşq toplanışındadır. Onlara bizim boksçuların qrupu da qoşulub. Onlar amerikalı məşqçilərin rəhbərliyi altında məşq edirlər. Fevralın 29-da boksçularımız geri qayıdacaq və “Böyük İpək Yolu” turnirində çıxış edəcəklər.


Xəbər 1363 dəfə oxundu.