Yığma 4-cü çempionatına sabah çempionla başlayır
Bu, gələcəyə yatırım baxımından bəlkə də son fürsətdir


Növbəti Avropa futzal çempionatı bu gün Serbiya paytaxtı Belqradda estafeti qəbul edəcək. Fevralın 13-dək 12 ölkənin, o cümlədən Azərbaycanın milli komandası qələbə uğrunda mübarizə aparacaq.

Rekord sayda - 45 ölkənin yarışdığı seçmə mərhələnin bəxti gətirənləri arasında olan Azərbaycan yığması 4-cü dəfədir qitənin ən güclüləri cərgəsinə düşür. Komanda bu yola Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən seçmə qrup turniri ilə başlamışdı. Hər üç görüşdə qalib gələn, Ukrayna millisinə 2:3 hesabı ilə uduzan komandamız, Belçikaya 3:1, Danimarkaya isə 11:2 hesabları ilə qalib gələrək, yarışı 2-ci yerdə başa vurmuşdu. Bu isə yığmamıza seçmə pley-off mərhələsində bəxtini bir daha sınamaq imkanı qazandırmışdı. Son raundda Azərbaycan millisi Slovakiya ilə qarşılaşdı və ümumi rəqabətdə 3:1 və 1:1 hesabları ilə üstün olaraq, son mərhələdə bir daha qıvvəsini sınamaq fürsəti əldə etdi.

Reqlamentə görə, final matçına aparan yol 4 qrupda mübarizə ilə başlanacaq. Yığmamız "D" qrupunda sonuncu qitə çempionu İtaliya, eləcə də Çexiya seçmələri ilə qarşı-qarşıya gələcək. Yeri gəlmişkən, cəmi bir debütantın (Qazaxıstan) qatıldığı turnirin qalan iştirakçılarının hamısı təcrübəlilərdir. Qrupların tərkibi isə belədir: "A" - ev sahibi Serbiya, Portuqaliya və Sloveniya; "B" - İspaniya, Ukrayna və Macarıstan; "C" - Rusiya, Xorvatiya və Qazaxıstan.

Əsas yarış məkanı 18 min 386 tamaşaçı tutumuna malik "Belqrad Arena" olacaq, həmçinin "Pionir Arena"da da keçiriləcək (6 min tamaşaçı tutumlu) turnirin təqviminə də nəzər salaq.

2 fevral: İspaniya - Macarıstan, Serbiya - Sloveniya.
3 fevral: Rusiya - Qazaxıstan, İtaliya - Azərbaycan.
4 fevral: Sloveniya - Portuqaliya, Macarıstan - Ukrayna.
5 fevral: Qazaxıstan - Xorvatiya, Azərbaycan - Çex Resp.
6 fevral: Portuqaliya - Serbiya, Ukrayna - İspaniya.
7 fevral: Xorvatiya - Rusiya, Çex Resp. - İtaliya.

1/4 final

8 fevral:

Qalib "A" - 2-ci yer "B" (1), 2-ci yer "A" - Qalib "B" (2).
9 fevral: Qalib "C" - 2-ci yer "D" (3), 2-ci yer "C" - Qalib "D" (4).

1/2 final

11 fevral: Qalib 1 - Qalib 3, Qalib 2 - Qalib 4

Həlledici görüşlər - final və 3-cü yer uğrunda oyun fevralın 13-ü keçiriləcək.
10-cu yubiley çempionatın vətəni 2013-cü ildə UEFA-nın İcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında müəyyən olunmuşdu. Makedoniya və Bolqarıstanla rəqabətdə Serbiya qalib elan olunmuşdu. Qeyd edək ki, əvvəlki final turnirləri Belçika (2014), Xorvatiya (2012), Macarıstan (2010), Portuqaliya (2007), Çex Respublikası (2005), İtaliya (2003), Rusiya (2001) və İspaniyada (1999) keçirilib. Bu yarışların təməlini qoymuş turnir isə 1996-cı ildə İspaniyada təşkil olunmuşdu.

Millimizin əvvəlki turnirlərdə iştirakından söz açaq. 2010-cu ildə qatıldığı ilk final mərhələsində 4-cü yer tutan komanda sonrakı iki turnirdə, uyğun olaraq, 10-cu və 9-cu nəticə göstərdi. Bu yarışlarda, ümumən, 9 oyunun 3-ündə qalib gələn komanda 2-sini heç-heçə başa vurub və 4-ündə yenildi. 34 dəfə rəqib qapısına yol tapdı və qapıçısı 39 dəfə topu tordan çıxarmalı oldu. Bütün oyunların reytinqində millimiz final mərhələsinin iştirakçısı olmuş 17 ölkə arasında 9-cu pillədədir.

Yığmamızı elə ilk görüşdə müşkül sədd gözləyir - rəqib sonuncu çempionun özüdür. Bu qarşılaşmada əzmkar mübarizə sürprizlərə yol aça bilər. Bunu apenninlilərin oyun təcrübəsi və yeniləşmiş komandamızın heyətində iddialı yeni futzalçıların yer alması əsasında söyləmək mümkündür. Hər halda sınaqdan uğurla çıxsa, komandanın sonrakı matçı da birnəfəsə keçirmək imkanı olacaq. Bununla belə, yığmamız üçün hər şey iki gün sonra ikinci matçda həll olunacağından, bütün hallar üçün bu unudulmamalıdır.

Faustino Peres baş məşqçi təyin olunandan sonra komandanın oyun dəst-xəttində iki böyük dəyişiklik müşahidə olunur. İlk növbədə, əvvəlki hücum tərzinə söykənən aqressiv oyun yerini daha düşünülmüş və taraz dəst-xəttə verib. Məqsədimiz bu iki üslub arasında yaxşını-pisi müəyyən etmək deyil. Yerinə görə, hərəsinin öz üstünlüyü var. Lakin, əsasən, braziliyalıların üstünlük təşkil etdikləri heyətin göstərdiyi baxımlı aqressiv oyun tərzində böyük uğurların acı məğlubiyyətlərlə əvəzlənməsi mümkün idi. İndi isə komanda daha sabit oyunu ilə seçilir. Son aylarda bu istiqamətdə, ələlxüsus müdafiədə və hücuma keçiddə uğurlu yeniliklər aydın sezilməyə başlamışdı. Məşqçinin qısa müddətdə buna nail olması ümidlərin başlanğıcı sayıla bilər. Buna görə də rəqibə sürpriz etmək - qarşısına "Troya atı" ilə çıxmaq şansı var. Hər şey gənclərin buna inanmasından və həyəcana qalib gəlməsindən asılı olacaq. Baş məşqçi son müsahibəsində bununla bağlı belə deyir: "Gənclərin oyun qavrayışını dəyişməyə çalışmışıq. Onun oyunun ritminə düşməsi üçün müdafiə xəttində yeniliklər etmişik. Əminəm ki, bəhrəsini də görəcəyik".

Baş məşqçinin gətirdiyi daha bir yenilik komandanın güvəndiyi oyunçular cərgəsinin genişlənməsidir. O, müxtəlif oyunçu kombinasiyalarından, rotasiyalardan, qalaqurmalardan çəkinmir və bu səbəbdən də universallığa yaxın maraqlı heyəti var. Buna görə də komandanın gələcəyinə inanmağa dəyər.

Ən əsası, bir məsələ unudulmamalıdır: son illər futzalın inkişafına yaranan təbii fürsətlərdən çox yazmışıq, faydası az olub. Axı, futboldan fərqli olaraq, daha asan inkişaf etdirilməsi mümkün olan bu növ üçün regionlarda belə yetərli infrastruktur da var. İndi isə, belə demək mümkünsə, dünyada ildən-ilə populyarlaşan bir növün qatarına vaxtında minmək üçün bu, son fürsətlərdən biridir. Bax, qarşıdakı yarış nə qazanılacaq uğurları, nə də başqa bir nəticəsi ilə diqqət çəkmir - o, gələcəyə yatırım baxımından bəlkə də son fürsət olduğu üçün qaçırılmamalıdır.

BATI YAR



Xəbər 1169 dəfə oxundu.