Azərbaycan Cüdo Federasiyasının əməkdaşları Tokioda seminarda iştirak ediblər

Tokioda Azərbaycan mütəxəssislərinin də qatıldığı Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib. Son illər cüdoda qaydaların tez-tez dəyişməsi bu seminarın önəmini daha da artırır.

Kodokanda baş tutan tədbirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, “Rio-2016”da ədalət təmsilçisi qismində iştirak edəcək beynəlxalq dərəcəli hakim Fariz Hüseynov və Məşqçilər Komitəsinin sədri Hacıağa Hacıəhmədov, Hakimlər Komitəsinin üzvü, respublika dərəcəli hakim Nazim Umbayev və qadınlardan ibarət yığma komandanın köməkçi məşqçisi Azər Şıxəliyev iştirak ediblər.

Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri Xuan Karlos Barkos müzakirələrin əsas mövzusunun xalların qiymətləndirilməsi olduğunu vurğulayıb. Bir çox hallarda yarışlar zamanı hakimlər eyni epizodu müxtəlif cür qiymətləndirirlər. Bununla əlaqədar olaraq, iştirakçıların müzakirələri daha da yaxşı analiz etməsi və düzgün qiymətləndirməsi üçün mötəbər turnirlərdəki görüşlərdən nümunələr göstərilib. Bundan əlavə, X.Barkos qarşıdan gələn Olimpiada və mümkün qayda dəyişiklikləri mövzusuna da toxunub: “İndi bütün diqqətlər Rio-de-Janeyroya yönəlib və onadək heç bir dəyişiklik olmayacaq. Lakin Olimpiadadan sonra cüdonu daha da inkişaf etdirmək üçün səylərimizi gücləndirə bilərik. 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra qarşımızda növbəti Olimpiadaya qədər bu və ya digər yenilikləri test etmək üçün imkan yaranacaq”.

Qeyd edək ki, növbəti analoji tədbir 2017-ci ildə Bakıda baş tutacaq və növbəti Olimpiada üçün yeni qaydaların tətbiqinin mümkünlüyü müzakirə ediləcək.

Xəbər 822 dəfə oxundu.