Bakıda keçirilən atletika üzrə beynəlxalq turnirin ilk gününün qalibləri müəyyənləşib
Yanvarın 29-da Bakıda, Respublika Olimpiya Mərkəzində SSRİ-nin və Azərbaycanın Əməkdar Məşqçisi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika (tullanmalar) üzrə səkkizinci beynəlxalq turnir başlayıb.

Turnirin açılış mərasimində Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. Bildirib ki, bu gün idman ölkəsi kimi tanınan Azərbaycanda bir sıra mötəbər beynəlxalq yarışlar keçirilir. İdmançılarımız hər il uğurlarının sayını artıraraq, dövlət bayrağımızı beynəlxalq arenalarda dalğalandırırlar. Bu uğurlarda atletlərimizin də payı var.

Ç.Hüseynzadə Əməkdar Məşqçi A.Antipovun xatirəsinə həsr olunmuş atletika idmanı üzrə səkkizinci beynəlxalq turnirin start götürməsi münasibətilə idmançıları təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edib ki, 18 yaşadək atletlərin mübarizə apardığı turnirdə Azərbaycan, Gürcüstan, Kuba, Qazaxıstan və Rusiya (Saxa Yakutiya) idmançıları yarışırlar.

Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasının Dövlət İclasının deputatı, Milli İdman Növləri Mərkəzinin direktoru İnnokenti Qriqoryev turnirin yüksək səviyyədə təşkil olunduğunu deyərək, gərgin idman mübarizəsinin şahidi olacaqlarına əminliyini bildirib. O, ölkəmizin ev sahibliyi ilə keçirilən beynəlxalq idman yarışlarından da danışaraq, bu sahədə qazanılmış təcrübənin önəmini vurğulayıb.

Yarışın ilk günündə uzunluğa və üçtəkanla tullanma yarışlarında qaliblər müəyyənləşib.

Qızlar arasında uzunluğa tullanma yarışlarında Azərbaycan idmançısı Yelena Pextireva qızıl medal qazanıb. Eyni kateqoriyada oğlanların yarışında qazaxıstanlı Rasul Usimatov, kişilərin mübarizəsində isə Aleksandr Kiselyov (Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Oğlanların uçtəkanla tullanma yarışında Rasul Usimatov yenidən fərqlənib. Kişilərin mübarizəsində isə Kuba təmsilçisi Aleksis Kopello birinci olub.

Yarışın ikinci günündə atletlər yakut tullanmalar üzrə mübarizə aparacaqlar.

Xatirə turnirinə yanvarın 30-da yekun vurulacaq.

Xəbər 956 dəfə oxundu.