Mövsümün ikinci yarısında ilk sınaq
Topaz Premyer Liqasında 2015-2016 mövsümünün ikinci yarısı start götürür. 2016-cı ilin ilk turu yanvarın 30-da başlayacaq. Çempionatın III dövrəsinə XIX turun oyunları ilə start veriləcək. Turun ilk qarşılaşması Gəncədə baş tutacaq. “Qəbələ” səfər oyununda “Kəpəz”lə qarşılaşacaq. Mövsümün ilk yarısında Gəncə klubu ilə hər iki oyunu öz meydanında keçirən “qırmızı-qaralar” bu dəfə səfərdə qüvvəsini sınayacaq. Yanvarın 30-da baş tutacaq görüş saat 14:00-da başlayacaq. Matçı sabiq FİFA referisi Fariz Yusifov idarə edəcək. Ona Vaqif Musayev, Nahid Əliyev və Ziya Nəsirov kömək edəcəklər.
Qeyd edək ki, bu matç “Qəbələ” ilə “Kəpəz”in ölkə çempionatlarında 11-ci oyunu olacaq. Əvvəlki görüşlərdə komandalar hərəyə 3 qələbə qazanıb, 4 dəfə heç-heçə qeydə alınıb. Top fərqində “qırmızı-qaralar” öndədir – 9:7.

Topaz Premyer Liqası
III dövrə, XIX tur
30 yanvar
14:00. “Kəpəz” – “Qəbələ”
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Nahid Əliyev
Dördüncü hakim: Ziya Nəsirov
Gəncə. Şəhər stadionu

Xəbər 984 dəfə oxundu.