“Olimpiya hərəkatı” proqramı çərçivəsində atletika üzrə təlim-məşq təşkil olunub
Yanvarın 27-də “Olimpiya hərəkatı” proqramı çərçivəsində finala vəsiqə qazanan məktəb komandalarının atletika üzrə təlim-məşqi keçirilib.

Respublika Olimpiya Mərkəzində keçirilən tədbir Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi tərəfindən təşkil olunub.

Təlim-məşqlər idmanın bu növü üzrə Bakı birinciliyinin final mərhələsinə vəsiqə qazanan 12 rayon komandasının yarışa hazırlığına dəstək məqsədi daşıyıb. Tədbir Azərbaycan Atletika Federasiyasının (ABF) baş məşqçisinin müavini Bəhruz Salehlinin iştirakı ilə keçirilib.

Yerindən uzunluğa tullanma və 60 metr məsafəyə qaçış yarışlarında öz məharətini göstərən gənclər məşqçilər tərəfindən düzgün tullanış mövqeyi, tullanış texnikasının əsasları, qaçış qaydaları haqqında ətraflı məlumat alıblar. Komandalararası yarışlar bitdikdən sonra yeniyetmələrdən ibarət milli komandanın üzvləri uşaqlar üçün nümunəvi oyun nümayiş etdiriblər.

Azərbaycan Atletika Federasiyasının baş məşqçisinin müavini Bəhruz Salehli deyib: “Atletika idman növünün gənclər arasında “Olimpiya hərəkatı” proqramı vasitəsilə təbliğ olunması həm şagirdlərin atletikanın əsaslarını öyrənmələrinə kömək edəcək, həm də bədən tərbiyəsi ümumilikdə idmana olan marağı yüksəldəcək. Bu idman növünün əsas prinsiplərini əhatə edən yerindən tullanma və 60 metr məsafəyə qaçış gələcəkdə atletika ilə məşğul olmaq istəyən məktəblilərin artıq bir addım öndə olmasını təmin edəcək”.

Xatırladaq ki, ilk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının 350-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqramın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlarla başlayan proqram Bakı şəhərinin rayonları üzrə birinciliklərlə davam edib. Proqram cari ildə “Bakı-2015” ilk Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.

“Olimpiya hərəkatı” proqramının xüsusi hazırlanmış “Facebook”, “Instagram” və “YouTube” səhifələrində layihənin icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq edilir.

Proqramın əsas məqsədi “Bakı-2015” ilk Avropa Oyunlarının sosial və idman irsinin davamı olaraq şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton üzrə keçiriləcək yarışlara cəlb etməkdir. “Olimpiya hərəkatı” proqramı çərçivəsində uşaqların bədən tərbiyəsi ilə müntəzəm məşğul olması valideynlərin fəallığının artmasına da müsbət təsir göstərir.

Xəbər 535 dəfə oxundu.