"Klub İdarəetmə Proqramı"nın ilk sessiyası baş tutub
Almaniyanın Münhen şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) Klub İdarəetmə Proqramının ilk sessiyası təşkil olunub. 18-20 yanvar tarixlərində qitənin məşhur stadionlarından hesab olunan “Alyans Arena”da baş tutmuş Proqramın ilk sessiyasında klublarda rəhbərlik və idarəetmə strategiyası əsas mövzu olub. ECA-nın “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun üzvü, “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədovun da dəvət olunduğu tədbirdə Avropanın 29 futbol Assosiasiyasından ümumilikdə 40 təmsilçi iştirak edib.

Görüşün ilk günü Avropa Klublar Assosiasiyasının (ECA) sədri Karl-Haynz Rummenige və qurumun baş katibi Mişel Centenaro Proqramın məqsədləri haqqında geniş məlumat veriblər. Daha sonra iştirakçılar “Klub İdarəetmə Proqramı”nın meneceri Olivye Yaroşun təqdimatında proqramın tərkibi ilə ətraflı tanış olublar.

Təbdirdə Avropa Klublar Assosiasiyasına üzv klublardan - “Bazel” FK-nın sədri Bernard Hasler, “Mançester Siti”nin icraçı direktoru Ferran Soriano, “Brügge”nin sədri Bart Verhage və başqaları mühazirələrində futbol təsərrüfatı haqqında təcrübələrini iştirakçılarla bölüşüb və bu mövzuda qrup müzakirələri təşkil olunub. Seminarın sonunda iştirakçılar üçün “Allianz Arena” stadionunda tur təşkil edilib.

Qeyd edək ki, klub idarəetməsinin müxtəlif sahələrinə dair biliklərin qazanılması məqsədi ilə keçirilən “Klub İdarəetmə Proqramı”nın icrası hər biri 2 gündən ibarət olmaqla 6 seminara bölünüb. “Klub İdarəetmə Proqramı”nın növbəti seminarı 22-23 mart tarixlərində Fransanın Lion şəhərində keçiriləcək.

Xəbər 666 dəfə oxundu.